
- A-
- A
- A+
Novxanı-Pirşağı yolunda kanalizasiya xətlərinin yenilənməsi nə vaxt başa çatacaq? - Video
Novxanı-Pirşağı yolunda (Sahil küçəsi) kanalizasiya xətlərinin yenilənməsi istiqamətində görülən işlər sürücülərin hərəkətini çətinləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a müraciət edən sürücülər məlumat veriblər.
Onların sözlərinə görə, qeyd edilən ərazidə görülən işlər səbəbindən nəqliyyatın hərəkəti alternativ yola istiqamətləndirilib:
"Alternativ yol dəniz kənarından keçir. Burada torpaq qatında yaranan çuxurlar avtomobil idarə etməkdə çətinlik yaradır. Yolun yararsız vəziyyətdə olan hissələri, xüsusilə də çuxurlar traktor və ya digər texnika vasitəsilə hamarlansa, yaxşı olar. Belə olsa, avtomobillərə ziyan dəyməz. Çünki orada vəziyyət çox acınacaqlıdır".
Xatırladaq ki, ötən gün 537 nömrəli marşrut üzrə avtobusların dənizin kənarı ilə hərəkət etməsi ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılmışdı.
İri Şəhərlərin Su Təchizatından bildirilib ki, sözügedən istiqamətdə görülən işlərin 2027-ci ildə yekunlaşması planlaşdırılır:
"Bakı şəhərinin və Abşeron yarımadasının içməli su təminatının yaxşılaşdırılması istiqamətində 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı" çərçivəsində Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi üzrə Novxanı-Pirşağı istiqamətində diametri 1000 və 1400 millimetrlik şəbəkələrin tikintisinə başlanılıb.
Layihə nəticəsində qurulacaq ümumi uzunluğu 32 kilometr olan kollektorun və yeni nasos stansiyasının inşası ilə Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Görədil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məmmədli və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaranacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə yağış sularının toplanması hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat göllərində və sahilboyu zonada ekoloji tarazlıq bərpa olunacaq.
Həmçinin bu layihədən əlavə hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiqyaslı işlər icra olunur. Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır. Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur.
Bu layihələrin icrası tullantı sularının daha səmərəli və müasir standartlara uyğun idarə olunmasına, ətraf mühitin mühafizəsinə və güclü yağıntılar zamanı yarana biləcək fəsadların qarşısının alınmasına mühüm töhfə verəcək".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































