
- A-
- A
- A+
İşsiz şəxslərin nəzərinə - 320 milyon manat ayrılacaq
2027-ci ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 319 milyon 200 min manat proqnozlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, Fondun gəlirləri 268 milyon 900 min manat təşkil edəcək.
Xərclərin maliyyələşdirilməsi üçün əlavə olaraq Fondun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 50 milyon 300 min manat yönəldiləcək.
Fondun gəlirlərinin 267 milyon 200 min manatı işsizlikdən sığorta üzrə sığorta haqları hesabına formalaşacaq. Bunun 29 milyon 800 min manatı büdcədən maliyyələşən təşkilatların, eyni məbləğ həmin təşkilatlarda işləyənlərin, 207 milyon 600 min manatı isə qeyri-büdcə sektorunun payına düşəcək.
2027-ci ildə Fondun xərclərinin əsas istiqamətlərindən biri özünüməşğulluq tədbirləri olacaq. Bu məqsədlə 113 milyon manat ayrılması nəzərdə tutulur.
Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinə 36 milyon manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 27 milyon 300 min manat, sosial iş yerlərində çalışanların əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsinə 7 milyon manat vəsait yönəldiləcək.
Haqqı ödənilən ictimai işlərin təşkilinə 3 milyon 800 min manat, peşəyönümünə dair məsləhət xidmətlərinə 1 milyon 600 min manat, əmək yarmarkalarının və əmək birjalarının təşkilinə 500 min manat ayrılması planlaşdırılır.
Eyni zamanda, Fondun vəsaitindən müvafiq qurumun aparatının, idarə, filial və nümayəndəliklərinin saxlanılmasına 75 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətin müştərək maliyyələşdirilməsinə isə 50 milyon manat xərclənəcək.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvotadan əlavə iş yerlərinin yaradılmasına 1 milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə 2 milyon manat ayrılması nəzərdə tutulub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































