Bir xalqın azadlıq yürüşü necə başladı? - 38 il əvvəl meydanda baş verənlər

Bir xalqın azadlıq yürüşü necə başladı? - 38 il əvvəl meydanda baş verənlər

Hazırda oxunan: Bir xalqın azadlıq yürüşü necə başladı? - 38 il əvvəl meydanda baş verənlər
648176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün qalib və qürurlu Azərbaycan xalqı fəxrlə Dirçəliş Gününü qeyd edir. Ona görə “fəxrlə” deyirəm ki, 38 il əvvəl- uğurunda mübarizəyə qalxan xalqımızın bütün ülvi və müqəddəs arzuları bu gün reallaşıb. Və bu gün imzalar içində imzamız var. Dünyada mövcud olan minlərlə xalqın tarix boyu arzuladıqları və görmək istədikləri müstəqil dövlətçiliyi reallığa çevirən 200 millətdən biri məhz bizik. Bu gün Azərbaycan BMT və digər beynəlxalq təşkilatların tam hüquqlu üzvüdür. 

Ən önəmlisi bu gün Azərbaycan qlobal problemlərin müzakirə edildiyi bir ölkə, beynəlxalq iqtisadi əlaqələrin tənzimləyicisi, körpüsü olan bir coğrafi məkandır.

38 il əvvəl mübarizə necə başladı?

Məlum olduğu kimi 1998-ci ilin fevralında Xankəndində erməni separatçıları Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan hərəkata başladılar. Bu təxribatın çox güclü siyasi və maliyyə dəstəkçiləri vardı. 

Belə ki, Ermənistan hökuməti, xaricdəki erməni diasporu və ən başlıcası SSRİ rəhbərliyi Qarabağdakı separatçıları açıq şəkildə dəstəkləyirdi. Vəziyyət o qədər qorxunc idi ki,  SSRİ-nin prezidenti Mixael Qorbaçovun arvadı Raisa Qorbaçova xaricdəki erməni diasporundan aldığı küllü miqdarda rüşvət müqabilində Qarabağın rəsmi şəkildə Ermənistana satıldığı danışılırdı. 

Əslində proseslər də bu istiqamətdə inkişaf edirdi. 

Təbii ki, ovaxtkı Azərbaycan hakimiyyəti bu məsələyə çox loyal yanaşırdı. Xalqın etirazları isə müxtəlif yollarla susdurulurdu. Və belə vəziyyətdə Azərbaycan xalqı SSRİ-nin təzyiqlərini neytrallaşdırmaq və öz haqq səsini dünyaya çatdırmaq üçün sosial məsələni irəli sürdü. 
Səbəb isə çox sadə idi: ermənilər Şuşa yaxınlığındakı Topxana meşəsindəki qiymətli ağacları qırıb Ermənistana daşıyırlar. Buna etiraz olaraq xalq ayağa qalxdı.

Azadlıq meydanında ilk mitinq necə təşkil edildi?

Şahidlər bilir ki, azadlıq hərəkatının hərəkətverici qüvvəsi o zamankı Azərbaycan Dövlət Universiteti, indiki Bakı Dövlət Universiteti idi. 

O zaman mən Jurnalistika fakültəsinin ikinci kursunda oxuyurdum. Qiyabi təhsil aldığımız üçün payız smestrimiz noyabr ayında olurdu. Məhz noyabrın 17-də “Orta əsr Azərbaycan ədəbiyyatı tarixi”ndən imtahanımız var idi. İmtahanı isə professor Əlyar Səfərli götürəcəkdi. Rəhmətlik o qədər tələbkar idi ki, hamımız həyəcandan titrəyirdik. 

Və saat 12-də Əlyar müəllim asistenti ilə auditoriyaya daxil oldu. Salam verdikdən sonra amiranə səslə dedi ki, “kim imtahana hazır deyil, ayağa qalxsın”.

Bir-birimizin üzünə baxdıq. Nə baş verdiyini anlamadıq. İki nəfər həyəcanla ayağa qalxdı.
Əlyar müəllim qalxanlara “oturun” dedi. Sonra da hündür səslə bildirdi ki, “hamınıza istədiyiniz qiyməti yazacam, amma bir şərtlə ki, buradan çıxıb bir nəfər kimi hamınız birbaşa Lenin adına meydanına (o vaxt Azadlıq meydanının adı belə idi) gedəcəksiniz”.

Həyəcandan və sevincdən hamı bir ağızdan “Azadlıq” deyə qışqırmağa başladı.

Univeritetdən çıxıb Elmlər Akademiyası metrosuna tərəf getdik. Metronun qarşısında artıq yüzlərlə adam vardı. Bəzi adamlar əllərində müxtəlif plakatlar tutmuşdu. İndiki 28 may metrosundan çıxıb Hökumət evinə tərəf gedəndə ərazidə çoxlu mülki və polis geyimində adamlar vardı. 

İnsafən heç kim bizi durdurmaq istəmədi. Və meydana çatdıq. Artıq meydanda yüzlərlə adam vardı. Səsucaldıcı vasitəsi ilə aparıcılar “Topxanaya azadlıq” deyə qışqırırdı.

Təbii ki, digərləri kimi biz də bu çağırışı təkrarlayırdıq. Getdikcə insanların sayı artırdı. Saat 14-15 radələrində meydanda yüzminlərlə insan vardı. 

Xeyli çıxışlar oldu. Və sonda qərara alındı ki, qətnamə qəbul edilsin. Qətnamənin ilk bəndində deyilirdi ki, “Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziyada birbaşa canlı yayımla Topxana meşəsində nə işlər görüldüyü göstərilsin”.

Başqa tələblər də vardı... 

Son tələbsə bu idi ki, “burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa, nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq”. Noyabrın 17-dən 18-ə keçən gecə indiki Azadlıq meydanında çadırlar quruldu, tonqallar qalandı.

Həmin gecəni minlərlə soydaşlarımız kimi meydanda keçirdik. Noyabrın 18-də səhər meydana bir neçə yük maşını gəldi. Bəlli oldu ki, maşınlar yemək gətirib. Yeməkləri isə sevilən müğənnimiz Zeynəb Xanlarova göndərib.

O gündən başlayaraq bir həftə ərzində gecə-gündüz meydanda qaldıq. Noyabrın 24-də Bakıda fövqəladə vəziyyət elan edildi. Bu səbəbdən meydana giriş-çıxış məhdudlaşdırıldı. Lakin xeyli insan hərbçilərin mühasirəsində sona qədər mübarizələrini apardılar.

Dekabrın 3-də hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər.

Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.

Kimlər yada düşür?

17 günlük azadlı mücadiləsi unudulmaz hadisələrlə yadda qaldı. Bu barədə çox danışılıb. Amma mən yadımda qalan bəzi şəxsləri ehtiramla yad etmək istəyirəm. Onlardan biri BDU-nun professor Vəkil Hacıyevdi. Mitinqlər zorakılıqla dağıdılanda və həbslər sırasında Vəkil müəllim o qədər fiziki zorakılığa məruz qaldı ki, nəticədə  sağlamlığını və ağlını itirdi. Ömrünün sonlarında doğma Universitetdən də işdən çıxarıldı. Həyatının sonu çox faciəli oldu.

Başqa bir tanınmış şəxssə Hatəmi Tantəkin oldu. O da zindanlarda döyüldüyü üçün xəstəlik tapdı və unudularaq Əhmədlidəki kasıb mənzilində acınacaqlı bir sonluq yaşadı.

Meydan hərəkatı ilə bağlı bu gün çox danışmaq olar. Amma heç bir dəlil nəticəni dəyişməyəcək.
Nəticəsə odur ki, Azadlıq meydanında noyabrın 17-də qalanan ocaqların şöləsi bütün dünya azərbaycanlıların qəlbinə yayıldı. Və Azərbaycanın üçrəngli milli bayrağı sovet dövründə ilk dəfə rəsmi olaraq 17 noyabr 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Naxçıvan Ali Sovetində qaldırıldı. 

2020-ci ildə isə Topxana meşəsi və işğal altında olan 20 faiz torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın silahlı qüvvələrindən azad edildi. 2023-cü ilin 20 sentyabrında isə Azərbaycanın bütün ərazilərində suveren hüquqlarımız təmin edildi.

Beləcə 17 noyabr 1988-ci ildə dirçələn xalqımız nəhayətində öz ülvi arzularına çatdı. Və bu gün azad və suveren Azərbaycanda müstəqilliyimiz və ərazi bütövlüyümüz uğurunda həyatlarını və sağlamlıqlarını itirməş hər kəs ehtiramla yad edilir.

Surxay Atakişiyev, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO