
- A-
- A
- A+
Deputatdan yeni vergilərlə bağlı açıqlama – “Xeyrindən çox ziyan gətirəcək”
Deputat Əli Məsimli kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəətinin 10 faizinin vergiyə cəlb edilməsi ilə bağlı müddəanın Vergi Məcəlləsindən çıxarılmasını təklif edib.
Bizim.Media xəbər verir ki, deputat bu təkliflə Milli Məclisin bugünkü plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edib.
O bildirib ki, 2027-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı istehsalçılarının əldə etdiyi gəlir və mənfəətin 10 faizinin vergiyə cəlb edilməsi fermerlər üçün əlavə maliyyə yükü yarada bilər:
"Vergi Məcəlləsində bu kənd təsərrüfatına aid olan hissənin əleyhinəyik və kənd təsərrüfatında çalışanların gəlirlərinin bir hissəsinin vergiyə cəlb edilməsi gözlənilən risklər baxımından xeyrindən çox ziyan gətirəcəyinə əminik. Kənd təsərrüfatı üçün uçot sisteminin təkmilləşdirilməsi kiçik fermerlər üçün əlavə çətinlik yaratmaq yolu ilə yox, mükəmməl bir uçot sisteminin yaradılması üçün stimullaşdırma, dəstəkləmə mexanizmi vasitəsilə uçotun inkişaf etdirilməsi yolu ilə gedilməsi daha vacibdir.
Fermerlərin gəlirlərinin 10%-lik hissəsi üçün vergi ödəməyə başlaması, onun ardınca dövlət orqanlarının kənd təsərrüfatına birbaşa və dolayısı yolla müdaxiləsini xeyli dərəcədə artıracaq.
Tam azad olma dövründə fermerlər vergi orqanlarının birbaşa hədəfində deyildilər. İndi isə 10%-lik vergi öhdəliyi səbəbindən kəndli təsərrüfatlarında kameral və səyyar vergi yoxlamalarının sayı artacaq. Bu dəyişiklik kənd təsərrüfatına dövlət inzibatçılığının və nəzarətin gücləndirilməsinə yönəlsə də, əslində realda kənd təsərrüfatına müdaxiləni artıra bilər və digər əlavə potensial problemlərə yol aça bilər".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































