
- A-
- A
- A+
Din xadimlərinə yeni məhdudiyyət tətbiq edilib? – Rəsmi açıqlama
Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, bu, Media və Yayım Şurasının açıqlamasında qeyd edilib.
Qeyd olunub ki, mövcud qanunvericilik aktları nəzərə alınmadan təqdim edilən bu cür yanaşma ictimai rəyi çaşdıran manipulyasiya nümunəsidir:
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda həmin vəzifəni tutduqları müddətdə onların peşəkar dini fəaliyyətinin dayandırılması qanunvericilikdə artıq təsbit olunmuşdu. Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də məhz qüvvədə olan bu hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir".
Bildirilib ki, qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir.
Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır.
"Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, qanunvericilik normalarını əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli şəkildə təhlil etməyə və ictimaiyyətə yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə çağırır", - deyə açıqlamada vurğulanıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































