
- A-
- A
- A+
Bayden Putinə Ukraynaya müdaxilədən əvvəl nə deyib?
ABŞ-ın keçmiş prezidenti Co Bayden Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir neçə ay əvvəl Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Bayden 2021-ci il dekabrın 7-də baş tutan telefon danışığı zamanı Kreml rəhbərini Ukraynaya hücum edəcəyi təqdirdə sərt sanksiyalarla üzləşəcəyi və ABŞ-ın Kiyevə özünü müdafiə etmək üçün lazımi hərbi yardım göstərəcəyi barədə xəbərdar etdiyini bildirib.
Bu barədə Baydenin “Mənə söz ver, Amerika” adlı gələcək memuarlarından “Newsweek” nəşrində dərc olunan hissədə məlumat verilib.
Keçmiş prezidentin sözlərinə görə, hələ 2021-ci ilin payızında ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı əməliyyat hazırladığına dair sübutlar əldə edib. Plan təkcə Donbasın işğalını deyil, bütün ölkəni ələ keçirməyi və prezident Volodimir Zelenskinin hakimiyyətini devirməyi nəzərdə tuturdu.
Bayden telefon danışığı zamanı Rusiya qoşunlarının sərhəddə cəmləşdirilməsi məsələsini birbaşa qaldırsa da, Putin təcavüzkar niyyətlərinin olmadığını bildirib.
“Putin həmişəki kimi sirli davranırdı. Mən isə yox”, – deyə Bayden yazıb.
Onun sözlərinə görə, Putin sadəcə çiyinlərini çəkib və özünün günahsız olduğunu deyib.
Keçmiş prezident əlavə edib ki, Rusiyanın genişmiqyaslı müharibəyə hazırlaşdığına əmin olsa da, nə Avropa ölkələrini, nə NATO üzvlərini, nə də Ukraynanı buna inandıra bilib.
O, Avropanın skeptik mövqeyini Almaniyanın Rusiya enerji daşıyıcılarından asılılığı və bəzi Avropa hökumətlərinin Donald Trampın prezidentliyi dövründə gərginləşmiş münasibətlərdən sonra Vaşinqtondan asılılığı artırmaq istəməməsi ilə izah edib.
Nəticədə ABŞ prezidenti kəşfiyyat məlumatlarının bir hissəsini məxfilikdən çıxarmaq qərarına gəlib.
O, bunun xüsusi xidmət orqanlarının mənbə və iş metodlarının ifşa olunması riskini yaratdığını, lakin məqsədin İraqda 2003-cü ildə olduğu kimi müharibəyə başlamaq deyil, onun qarşısını almaq olduğunu vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































