
- A-
- A
- A+
Qadın 8 il manyakla birlikdə yaşayıb: Şok təfərrüat
Rusiyanın Maqadan şəhərində yaşayan qadın keçmiş həyat yoldaşının axtarışda olan, “Orsk manyakı” kimi tanınan Valeri Andreyevə bənzədiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib.
Bizim.Media xəbər verir ki, Baza nəşrinin məlumatına görə, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.
Nəşrin məlumatına görə, 45 yaşlı Olesya 2018-ci ildə tanışlıq saytında Natan adlı kişi ilə tanış olub. Bir müddət sonra onlar birlikdə yaşamağa başlayıblar və təxminən səkkiz il eyni evdə qalıblar.
Qadının iddiasına görə, zaman keçdikcə onunla yaşayan kişi aqressiv davranmağa başlayıb və dörd dəfə onu öldürməyə cəhd edib.
Ayrıldıqdan sonra Olesya keçmiş partnyoru haqqında məlumat toplamağa başlayıb. Valeri Andreyevin axtarış elanı ilə tanış olduqdan sonra iki kişi arasındakı xarici oxşarlığa diqqət yetirib.
Qadını keçmiş partnyorunun qulaqlarının arxasındakı çapıqlar da şübhələndirib. Onun ehtimalına görə, bu izlər plastik əməliyyatlardan sonra qalmış ola bilər. Kişi isə çapıqları “qulaq herpesı” ilə izah edib.
Bundan əlavə, Olesyanın sözlərinə görə, kişi dəfələrlə soyadını, adını və atasının adını dəyişib, keçmişi haqqında danışarkən ziddiyyətlərə yol verib və təsdiqlənməsi mümkün olmayan faktlar səsləndirib. Qadın onun Andreyev kimi uzaq məsafəli yük maşını sürücüsü işlədiyini də bildirib.
Olesya Rusiya İstintaq Komitəsinə və polisə ərizə göndərib. İstintaq orqanları Baza nəşrinə daxil olan məlumat əsasında araşdırma aparıldığını təsdiqləyib.
Qeyd edək ki, Valeri Andreyev Orenburq vilayətində qadınların qətlə yetirilməsində şübhəli bilinərək axtarışa verilib. İstintaqın məlumatına görə, o, azı yeddi qətldə iştirak etmiş ola bilər.
2012-ci ildə təkrar dindirilməyə çağırıldıqdan sonra Andreyev yoxa çıxıb.
Lakin Maqadan sakininin keçmiş partnyorunun Andreyevin törətdiyi cinayətlərlə əlaqəsi hələlik təsdiqlənməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































