
- A-
- A
- A+
Qara dənizlə bağlı niyə atəşkəs imzalanmır? – Hakan Fidan Kremlin tələbini açıqladı
Rusiya Ukrayna ilə uzunmüddətli sülh sazişi imzalanmadan Qara dənizdə müvəqqəti atəşkəsə razılaşmaq istəmir. Sülh prosesinin irəliləməsinə isə Donbasın gələcək taleyi ilə bağlı fikir ayrılığı mane olur.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyənin tərəflərin dənizdə atəşkəsə nail olmaq üçün ortaq anlaşma əldə etməsinə imkan verəcək əsas yaratmaqla bağlı təklifləri var. Lakin nazir bu təşəbbüslərin təfərrüatlarını açıqlamağın hələ tez olduğunu deyib.
Fidan bildirib ki, Qara dənizdə atəşkəsə mane olan əsas məsələ Donbasdır. Rusiya bu ərazinin ona verilməsini tələb edir, Ukrayna isə bundan imtina edir.
Nazirin sözlərinə görə, Rusiyanın qiymətləndirməsinə əsasən, Donbasın 11-12 faizi, Ukraynanın qiymətləndirməsinə görə isə 18 faizi hələ də mübahisə predmetidir. Fidan qeyd edib ki, hazırda müharibənin davam etməsinin səbəblərindən biri də məhz bu məsələdir.
Türkiyənin XİN rəhbəri hesab edir ki, sülh sazişinə nail olunacağı təqdirdə, atəşkəs xəttinin müəyyənləşdirilməsi məsələsi diqqətlə işlənməlidir. Bundan sonra Ukraynanın təhlükəsizlik təminatları və ümumilikdə Avropanın təhlükəsizlik arxitekturası müzakirə olunacaq.
Fidan vurğulayıb ki, Ukrayna ilə Rusiya arasında sülh yalnız bu iki ölkə arasında deyil, həm də Avropa ilə Rusiya arasında sülh demək olacaq.
Buna görə də Avropa ilə Rusiya arasında yeni təhlükəsizlik və sülh arxitekturasının necə qurulacağı müəyyənləşdirilməlidir.
Nazir əlavə edib ki, Türkiyənin Avropanın yeni təhlükəsizlik arxitekturası ilə bağlı ciddi mülahizələri var.
Onun sözlərinə görə, danışıqlarda Rusiya əleyhinə sanksiyalar və dondurulmuş Rusiya aktivləri ilə bağlı məsələlər də gündəmə gələcək.
Fidan bütün bu məsələlər üzrə tərəfləri qane edəcək razılaşmaya nail olmağın çətin olduğunu bildirib və əsas məqsədin müharibənin birdəfəlik dayandırılması olduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiyanın Ukraynanın liman infrastrukturuna və mülki gəmiçiliyə hücumlarını gücləndirməsi səbəbindən Qara dənizdə vəziyyət gərgin olaraq qalır. Rusiya təkcə Ukrayna limanlarına gedən və ya oradan çıxan gəmiləri deyil, digər dövlətlərin ərazi sularında olan gəmiləri də hədəfə alır.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletенçuk bildirib ki, Rusiya Qara dənizin qərb və şimal-qərb hissələrində mülki gəmiçilik üçün təhlükə yaratmaqda davam edir və bunun üçün, xüsusilə, pilotsuz uçuş aparatlarından istifadə edir.
Eyni zamanda, Rusiyanın Qara dəniz Donanmasına məxsus raketdaşıyan gəmiləri uzun müddətdir Novorossiyskdəki bazadadır. Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, həmin gəmilər təxminən altı aydır ki, Qara və ya Azov dənizinə çıxmır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































