
- A-
- A
- A+
Qlobal veb-saytlara zərərli kod yeridildi
Kibertəhlükəsizlik üzrə tədqiqatçılar kiberhücumçuların kriptovalyuta və kredit kartı məlumatlarını oğurlamaq məqsədilə dünyanın ən çox ziyarət edilən veb-saytlarından bəzilərini manipulyasiya etdiklərini bildiriblər.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, təhlükəsizlik tədqiqatçısı Skott Helmenin sözlərinə görə, “JavaScript” dilində yazılmış zərərli kod kriptovalyuta aktivlərini və kart məlumatlarını oğurlamaq, eləcə də cihazlara viruslar quraşdırmaq üçün istifadə edilib.
O qeyd edib ki, kod “Optimizely” rəqəmsal optimallaşdırma platforması vasitəsilə müxtəlif sektorlardan 178 şirkətin veb-saytlarına daxil edilib.
Təsirə məruz qalan təşkilatlar arasında IKEA, “Salesforce”, “Equifax”, BBC və CNN, eləcə də “Zoom”, “GitLab”, HSBC, “Air France-KLM”, “Ledger”, “Peacock” kimi aparıcı platformalar var.
Kibertəhlükəsizlik şirkəti “HudsonRock” da zərərli kodun bu metoddan istifadə edilərək yayıldığını təsdiqləyib, lakin hücumdan təsirlənən istifadəçilərin dəqiq sayı hələlik məlum deyil.
Qeyd olunur ki, “iPhone” və “iPad” cihazları da hədəfə alınıb.
Çoxməqsədli zərərli proqram vasitəsilə istifadəçilərin kriptovalyuta cüzdan ünvanları hücumçuların ünvanları ilə əvəz edilir, kart məlumatları kopyalanaraq brauzer kukilərini və ekran görüntülərini oğurlamaq üçün istifadə olunur.
Həmçinin proqram təminatının “Coruna” və “DarkSword” adlı iOS istismar dəstlərini “Apple iPhone” və “iPad” cihazlarına göndərdiyi müəyyən edilib. Hücumçuların hesablarına təsdiqlənmiş köçürmələr kriptovalyuta oğurluğunun artıq baş verdiyini ortaya qoyub.
“Optimizely” infrastrukturundan istifadə edən müştəri layihələrinin idarəetmə panelindəki gizli kod sahəsinə (“JavaScript”) yerləşdirilən zərərli proqramın faylın qalan hissəsi toxunulmadığı üçün diqqətdən kənarda qaldığı məlum olub.
Qeyd edilib ki, kod hədəf aldığı saytların “firewall”larını keçə bildiyi üçün “Optimizely”nin etibarlı domen adı və sertifikatı istifadə edilərək təqdim olunub.
Ekspertlər vurğulayıblar ki, “Optimizely” kiberhücumçuların çoxsaylı müstəqil müştəri layihələrinə necə giriş əldə etdiklərini izah etməlidir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































