
- A-
- A
- A+
Tələbələrə ictimai nəqliyyatda güzəşt edilə bilər – Deputatdan təklif
“Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadəsi mexanizminin hazırlanmasını və mərhələli şəkildə tətbiqini məqsədəuyğun hesab edirəm”.
Bizim.Media xəbər verir ki, bunu deputat Günay Ağamalı Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, tələbələrin gündəlik nəqliyyat xərcləri, xüsusilə aztəminatlı ailələrdən olan və regionlardan paytaxta təhsil almağa gələn gənclər üçün əlavə maddi yük yaradır:
"Belə güzəştlərin tətbiqi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, ailə büdcəsinə də müsbət təsir göstərəcək. Qənaətimə görə, aidiyyəti dövlət qurumları tərəfindən məsələnin maliyyə imkanları və tətbiq mexanizmləri araşdırılaraq müvafiq təkliflərin hazırlanması faydalı olardı".
Bundan başqa, millət vəkili dəfn pulunun əhatə dairəsinin genişləndirilməsini təklif edib:
"Mövcud qanunvericiliyə əsasən, dəfn üçün birdəfəlik müavinət müəyyən kateqoriyalara aid şəxslərin vəfatı zamanı ödənilir. Lakin pensiya və müvafiq sosial müavinət almayan, sosial sığorta sisteminin əhatə etmədiyi vətəndaşların vəfatı zamanı onların ailələri bu dəstəkdən yararlana bilmirlər. Yaxınını itirən ailələr üçün mənəvi itki ilə yanaşı, dəfn xərcləri də ciddi maddi yük yaradır.
Xüsusilə aztəminatlı ailələrin belə hallarda sosial dəstəyə ehtiyacı daha çox olur. Bu baxımdan, dəfn üçün birdəfəlik müavinətin əhatə dairəsinin genişləndirilməsi, mövcud sosial təminat mexanizmlərindən kənarda qalan aztəminatlı ailələrin də bu dəstəkdən yararlanması imkanlarının nəzərdən keçirilməsini vacib hesab edirəm".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































