
- A-
- A
- A+
Kerç körpüsünün sıradan çıxarılması hansı fəsadlara yol açacaq?
Ukrayna Müdafiə Qüvvələrinin noyabrın 17-də keçirdiyi əməliyyat nəticəsində Kerç körpüsünə ciddi ziyan dəyib. Körpünün tağı və avtomobil yolunun bir hissəsi uçub. Nəticədə onun avtomobil hissəsi istifadəyə tam yararsız vəziyyətə düşüb.
Ukrayna dəfələrlə Rusiyaya gərginliyin azaldılması istiqamətində addımlar atmağı təklif etsə də, bütün təkliflər rədd edilib. Bunun əvəzində Rusiya Zaporojye, Dnepr, Kiyev və Odessa vilayətindəki körpülər də daxil olmaqla, mülki infrastruktura zərbələr endirməyə davam edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Qloballaşma Strategiyası XXI Mərkəzinin prezidenti Mixail Qonçar UNİAN-da dərc olunan müəllif yazısında bildirib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin fikirlərinə istinad edərək qeyd edib ki, bu gün hər kəs Rusiyanın ərazisindən Ukraynanın Krımına uzanan əsas hərbi keçidin hansı nəticələrlə üzləşdiyini görə bilər.
Qonçarın fikrincə, Kerç körpüsünün avtomobil hissəsinin sıradan çıxarılmasının yaratdığı zəncirvari təsirlər təkcə avtomobil nəqliyyatının hərəkətinin dayanması ilə məhdudlaşmır. Bu, həm də Kerç-Yenikale kanalının fəaliyyətini pozur.
Müəllif xatırladıb ki, Kerç boğazının ən dar hissəsində eni 4,5 kilometr olsa da, onun gəmiçilik üçün nəzərdə tutulmuş kanalının eni cəmi 120 metrdir. Boğazın dərinliyi isə 3-5 metr təşkil edir.
Buna görə də hələ XIX əsrdə Qara dənizdən Azov dənizinə və əks istiqamətdə daha ağır gəmilərin keçidini təmin etmək üçün dənizin dibi dərinləşdirilib.
“Putinin körpü tikintisi Kerç boğazından gəmiçiliyi uzun müddətə dayandırıb. Həm də bu, təkcə Azov və Qara dənizlər kontekstində deyil”, – deyə müəllif vurğulayıb.
Onun sözlərinə görə, bunun nəticələri yalnız Azov dənizinin limanlarına deyil, Don və Volqa çaylarının limanlarına, eləcə də Xəzər dənizinə təsir göstərəcək. Müəllif bu baxımdan Volqa-Don kanalını da xüsusi qeyd edib.
Qonçar hesab edir ki, artıq təkcə “çay-dəniz” sinifli gəmilər Azov, Don və Volqa hövzələrindən çıxa bilməyəcək, NATO gəmilərinin Rusiyanın daxili sularına daxil olması mümkün olmayacaq.
Eyni zamanda, Rusiya Qara dəniz donanmasının və Xəzər flotiliyasının kater və kiçik gəmiləri də Novorossiyskdən Kaspiyskə və əks istiqamətdə hərəkət edə bilməyəcək.
Müəllif əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin yay aylarında “Madyar quşları”nın rəhbərliyi altında Azov və Azovətrafı ərazilərdə düşmən gəmilərini məhv etmək istiqamətində apardığı sistemli əməliyyatlarla yanaşı, körpünün avtomobil hissəsinin çökməsi nəticəsində Kerç-Yenikale kanalı vasitəsilə gəmiçilik də uzunmüddətli blokadaya düşüb.
Onun fikrincə, bu vəziyyət Orta Volqa, Kama və Don bölgələrinin neft emalı zavodlarında istehsal olunan neft məhsullarını, eləcə də üçüncü ölkələrə ixrac üçün nəzərdə tutulan taxıl yüklərini daşıyan “çay-dəniz” gəmilərinin hərəkətində ciddi tıxac yaradıb.
Qonçar hesab edir ki, Rusiya Dəmir Yolları bu yük axınının bir hissəsinin digər limanlara yönəldilməsinin öhdəsindən gələ bilməyəcək.
Müəllifin fikrincə, Ukrayna Müdafiə Qüvvələri dəmir yolu hissəsini də məhv etməklə əməliyyatı başa çatdırarsa, Krım logistika baxımından tamamilə adaya çevriləcək.
Qonçar yazısının sonunda daha bir məqama diqqət çəkib. Onun sözlərinə görə, 1953-cü ildə Volqoqrad vilayətində salınmış Pyatimorsk qəsəbəsi artıq “beş dənizin şəhəri” hesab edilə bilməz.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































