
- A-
- A
- A+
Komitə sədri: “Cızma-qaraları dərsliklərə salıb, övladlarımızın mənəviyyatına zərər vururlar”
“Orta məktəb dərsliklərinin tərtibatı və nəşri ciddi narahatlıq doğurur. Xarici ölkə müəlliflərinin bədii nümunələrini öz adlarına çıxan, milli-mənəvi dəyərlərimizə zidd, sönük cızma-qaraları məktəb dərsliklərinə salaraq qazanc əldə edənlər təkcə ayrılan dövlət vəsaitini mənimsəmirlər. Onlar övladlarımızın mənəviyyatına və dünyagörüşünə də zərər vururlar”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu məsələyə ciddi yanaşılmalı və əsaslı tədbirlər görülməlidir.
Tahir Rzayev kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən gəlir və ya mənfəətin 10 faiz vergiyə cəlb edilməsinin fermerlərin işini çətinləşdirə biləcəyini də vurğulayıb:
"Fermerlər gübrəyə, yanacağa, texnikaya, suvarmaya, işçi qüvvəsinə xeyli vəsait sərf edir. Bəzən öz məhsullarını bazarda sata bilmir. Ona görə də vergidən azad olmaların daha bir neçə il uzadılmasını vacib hesab edirəm".
Tahir Rzayev, həmçinin büdcəyə qənaət məqsədilə kommunal, yaşıllaşdırma, su təsərrüfatı və digər xidmət sahələrində aparılan ixtisarlara diqqət çəkib:
"Büdcəyə qənaət etmək məqsədi ilə kommunal, yaşıllaşdırma, su təsərrüfatı və digər xidmət sahələrində xeyli ixtisarlar aparılıb. Verilən yanacağın miqdarı bir neçə dəfə azaldılıb. Nəticədə tullantıların götürülməsi, yaşıllıqların qorunması və suvarılması, təmizliyin gözlənilməsi xeyli çətinləşib. Min zəhmət bahasına əkilən gənc yaşıllıqlar vaxtında suvarılmır, çox sayda asaslar qurumaqdadır".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































