
- A-
- A
- A+
Ukrayna Aİ-yə üzvülüklə bağlı niyə Moldovadan geri qalır? – Təfərrüat
Ukrayna Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində irəliləyiş tempinə görə Moldovadan bir qədər geri qalır. Lakin Kiyev yay aylarına qədər bütün aralıq meyarları yerinə yetirərsə, itirilmiş vaxtı kompensasiya edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı səfiri Katarina Maternovа “Avropa həqiqəti” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı tövsiyələrin və “Ukrayna Planı” çərçivəsində maliyyələşdirmə şərtlərinin birləşdirilməsi bu prosesə kömək edə bilər. Maternovanın fikrincə, Ukrayna artıq bu onilliyin sonunadək Aİ-yə üzvlük üçün bütün tələbləri yerinə yetirə bilər.
“Yaya qədər aralıq meyarları yerinə yetirin və düşünürəm ki, o zaman yenidən eyni səviyyədə olacaqsınız. Lakin bunun üçün sürəti artırmalısınız. Bunu məhz indi etmək lazımdır”, – deyə səfir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ukrayna Aİ-yə üzvlük üçün korrupsiyaya qarşı mübarizə sahəsində aralıq meyarların yerinə yetirilməsində bir qədər geridə qalır.
Bununla belə, səfir Ukraynanın korrupsiyaya qarşı mübarizə təcrübəsini yüksək qiymətləndirib və bu istiqamətdə Kiyevin üzvlüyə namizəd olan digər ölkələri qabaqladığını bildirib.
“Bəli, onlar qanunvericiliyin qəbulu üzrə meyarlarda daha irəli gediblər. Lakin Ukraynanın əldə etdiyi və nail olmaq daha çətin olan bir üstünlüyü var. Söhbət təcrübədən, real nəticələrdən gedir. Sizdə korrupsiyaya qarşı mübarizə institutlarının fəaliyyətinin təsdiqlənmiş təcrübəsi var. Ukraynanın bütün sistem üzrə – korrupsiya hallarının araşdırılması, təqsirkarların məsuliyyətə cəlb edilməsi və işlərə məhkəmələrdə baxılması sahəsində təcrübəsi təsiredicidir. Digər ölkələrdə qanunlar var, lakin onların işlədiyinə dair sübut yoxdur. Sizdə isə bütün bunlar həqiqətən mövcuddur”, – deyə Maternova bildirib.
Səfir vurğulayıb ki, Ukraynada korrupsiya qalmaqallarının mövcudluğu istənilən siyasi təzyiqə qarşı dayana bilən kifayət qədər güclü institutların fəaliyyət göstərdiyini sübut edir.
“İnformasiya məkanında bu qalmaqallar sizin probleminizdir. Ukrayna haqqında az məlumatı olan insanlar müxtəlif narrativlərə, xüsusilə də Rusiya narrativlərinə daha çox inanmağa meyillidirlər. Söhbət, xüsusən də Ukraynanın nə dərəcədə dərin korrupsiyaya uğraması ilə bağlı Rusiya narrativindən gedir. Bəli, Ukraynada korrupsiya var. Lakin onu ifşa edən NABU və SAPO da mövcuddur. Bəzən korrupsiyanın səviyyəsi, o cümlədən institutlarda və qanunun aliliyi sahəsində şok doğurur. Amma ukraynalılar korrupsiyaya qarşı mübarizə aparan cəmiyyətdir. Ukraynanın dünyanın ən korrupsiyalaşmış ölkəsi olması fikri isə sadəcə gülüncdür!” – deyə o bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































