
- A-
- A
- A+
Türkiyədə bu şəxslərə qarşı əməliyyat keçirildi: 14 nəfər həbs edildi
Türkiyədə İstanbul şəhəri də daxil olmaqla, 42 vilayətdə şəxsi məlumatları qanunsuz yollarla ələ keçirən şəxslərə qarşı keçirilən əməliyyat zamanı saxlanılan 14 şübhəli həbs edilib.
Bizim.Media xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə şəxsi məlumatların ələ keçirilməsi və satışa çıxarılması ilə bağlı araşdırmanı davam etdirir.
İstintaq çərçivəsində saxlanılan 79 şübhəlinin polis idarəsindəki əməliyyatları başa çatıb. Onlardan 29-u polis idarəsindəki prosedurlardan sonra sərbəst buraxılıb.
Digər 50 şübhəli tibbi müayinədən keçirildikdən sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb.
Prokurorluqda ifadə verən şübhəlilərdən 14-ü həbs edilib, 36-sı isə məhkəmə nəzarətinə götürülüb.
İstanbul Polis İdarəsinin əməkdaşları şəxsi məlumatların ələ keçirilməsi və satışa çıxarılması ilə bağlı araşdırma zamanı süni intellekt dəstəkli AVCI tətbiqindən istifadə ediblər.
Araşdırma nəticəsində şəxsi məlumatların icazəsiz giriş yolu ilə ələ keçirildiyi, yayıldığı və müəyyən məbləğ qarşılığında satışa çıxarıldığı müəyyən edilib.
Əldə olunan məlumatların, xüsusilə ictimaiyyətdə böyük rezonans doğuran hadisələr də daxil olmaqla, müxtəlif məsələlərlə bağlı təhdid və şantaj məqsədilə istifadə edildiyi üzə çıxarılıb.
Bundan başqa, bank və kredit kartı məlumatlarının paylaşılması yolu ilə alış-veriş edildiyi müəyyənləşdirilib.
Əməkdaşlar ələ keçirilmiş şəxsi məlumatlardan istifadə etməklə sosial şəbəkələrə və digər tətbiqlərə icazəsiz daxil olmaq məqsədilə müxtəlif paylaşımların edildiyini də aşkarlayıblar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































