
- A-
- A
- A+
Ukraynalı prodüser Alla Puqaçovaya nə təklif edib? - Detallar
Ukraynalı prodüser Marqarita Siçkar rusiyalı müğənni Alla Puqaçovaya birgə yaradıcılıq layihəsi təklif etmək qərarına gəlib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, o, sənətçinin həyatı haqqında real hadisələrə əsaslanan bədii əsər yaratmaq arzusundadır və artıq təklifini ona göndərib.
Hazırda prodüser müğənninin cavabını gözləyir.
Marqarita Siçkar etiraf edib ki, uşaqlıqdan Puqaçovanın yaradıcılığına maraq göstərir və onunla şəxsən tanış olmağı çoxdan arzulayır. Hətta bir dəfə tədbirlərin birində onunla yanaşı oturub, lakin kumirinə yaxınlaşaraq tanış olmağa cəsarət etməyib.
“Mən bir ad günündə idim və biz yanaşı oturmuşduq. Yaxınlaşıb tanış olmağa cəsarətim çatmadı. Məqsədim nədir? Başa düşürəm ki, o, heç bir kitab yazmayıb, halbuki özü baş verən hadisələrin canlı ensiklopediyasıdır. Mən onunla məhz real hadisələrə əsaslanan belə bir bədii əsər üzərində işləməyi arzulayıram”, – deyə prodüser bloger Mariçka Dovbenko ilə müsahibəsində bildirib.
Siçkarın təklifini Puqaçovaya çatdırmaq imkanı tanışları vasitəsilə yaranıb. Qadınlardan biri prodüserə Kiprdə Puqaçova ilə qonşuluqda yaşadığını deyib. Bundan başqa, həmin tanışı müğənninin həyat yoldaşı Maksim Qalkinlə təyyarə səfərləri zamanı qarşılaşır. Bu əlaqələrdən istifadə etmək qərarına gələn prodüser müraciətinin sənətçiyə çatdırılmasına çalışıb.
“Mən ona əməkdaşlıq təklifi ilə məktub göndərmişəm, cavab gözləyirəm. Bütöv bir konsepsiya hazırlamışam. “Alla: davamı olacaq...” adlı layihə fikirləşmişəm. Hər şeyi hazırladım və süni intellektin köməyi ilə vizuallaşdırdım. Hamısını çap edib böyük bir zərfə qoydum və Kiprə göndərdim”, – deyə Marqarita bildirib.
Hələlik Puqaçovanın ukraynalı prodüserin təklifi ilə maraqlanıb-maraqlanmadığı və kitabın hazırlanmasında iştirak etməyə razılıq verib-verməyəcəyi məlum deyil.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































