
- A-
- A
- A+
Azərbaycanda hər payız-qış eyni problem – Elektrik xətləri niyə hava sınağından keçə bilmir?
Azərbaycanda hava şəraiti pisləşən kimi elektrik enerjisinin verilişində fasilələr yaranır. Bakıətrafı qəsəbələrdən tutmuş ucqar kəndlərədək bir çox yaşayış məntəqəsində sakinlər beləcə işıqsız qalırlar. Bəzən elektrik enerjisinin bərpasını saatlarla, bəzən isə bütün gün gözləmək lazım gəlir.
Bəs illərdir təkrarlanan bu problem niyə öz həllini tapmır? Elektrik şəbəkələrinin yenilənməsində bu qədər işlər ki, görülür, o zaman niyə hər hava dəyişəndə özünü doğrultmur?
Cavabdeh qurum əsas səbəb kimi elektrik xətlərində baş verən qəzaları göstərir. Məsələn 2025-ci il üzrə hesabatına görə “Azərişıq” ASC kifayət qədər yenilənmə işləri aparıb: 617 komplekt transformator məntəqəsi quraşdırılıb. 503 kilometr 10 kV-luq yeraltı kabel xətti çəkilib. 250 kilometr 0,4 kV-luq yeraltı kabel xətti çəkilib. 3 326 kilometr 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət hava xətti çəkilib. 48 kəndin elektrik şəbəkəsi yenidən qurulub. Daha 84 kənddə yenidənqurma işlərinin davam etdirildiyi bildirilir.
Milyonluq yenilənmə işləri, amma yenə də işıqsız qalan yaşayış məntəqələri...
Amma bütün bunlardan sonra vətəndaşlar ölkənin hər yerindən, ucqarı bir yana, paytaxtın və digər böyük şəhərlərin özündən şikayətlər edirsə, hər gün ölkənin hansısa tərəfində elektrik enerjisinin təchizatında fasilələrin yaranması ilə bağlı xəbərlər yayımlanırsa, görülən işlər demək ki yetmir, ya da ölkənin bütün xətləri elə bərbad gündədir ki, düzəldib bitirə bilmirlər. Hələ də kifayət qədər yenilənməyi gözləyən elektrik xətləri, avadanlıqları var, amma bunlarla bağlı, ümumiyyətlə 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində görülən işlərlərlə bağlı “Azərişıq” ASC-dən məlumat ala bilmədik, əvəzində bəs qədər inciklik eşitdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, ümumiyyətlə kənd və qəsəbələrin çoxunda hava ilə əlaqədar elektrik enerjisinin olmaması absurd fikirdir.
Hər il hava şəraiti pisləşəndə qəzalar təkrarlanırsa, əvvəlki illərin qəza təcrübəsi əsasında həmin ərazilərdə niyə qabaqlayıcı yenilənmə aparılmır?
“Ərazilərdə yenidənqurma ilə əlaqədar fasilələr, müxtəlif qəza səbəbindən elektrik kəsilmələri olur, konkret yerlərə görə isə səbəb səyişir. Güclü külək səbəbindən iri ağaclar aşır, evlərin damları uçub elektrik xətlərinin üstünə düşür. Məsələn, Sumqayıt Enerji Təchizatı və Satışı İdarələrinin Bağlar RETSİ ərazisində güclü külək nəticəsində evin damı uçaraq 6 k/v-lıq elektrik xətlərinin üzərinə düşüb və bunun nəticəsində böyük ərazidə elektrik verilişində kəsintilər olub. Bundan başqa bölgələrdə meşə ərazisindən keçən elektrik xətlərinin üzərinə ağacların aşması ilə qəzalar baş verir. Burda “Azərişıq”ın nə günahı var, nədə ittiham etmək olar?” – deyə qurumun mətbuat xidmətindən vurğulandı.
Əslində bu gileydə onların da haqlı tərəfləri var, çünki problemin böyüklüyü təkcə “Azərişıq”la məhdudlaşmır. Elektrik dirəklərin, ötürücü naqillərin düz dibində yaşayış evlərinin nə işi var, buralarda məskunlaşma necə aparılıb? Sualını ortaya atanda mövzu daha qaranlıq dalanlara girir.
Ona görə də, istismar müddətini başa vurmuş hava xətləri və transformatorlar yenilənməklə, yəni şəbəkənin ayrı-ayrı hissələrinin yenilənməsi bütöv sistemin dayanıqlılığını təmin etməyə gücü çatmır. Hansı kəndlərdə işlər gözləyir, hansı ərazilərdə qəza riski yüksəkdir? Elektrik xətlərində qəza baş verdikdən sonra bərpa işləri niyə bəzi yaşayış məntəqələrində uzun çəkir? Texnika və qəza briqadalarının sayı kifayət edirmi? Təəssüf ki bu suallar açıq qaldı.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































