
- A-
- A
- A+
Yan keçmə oyunu: nə üçün reklam meydançalarının birbaşa satışları bazarı dağıdır
Əvvəlki hissələrdə bazarın kiçilən tortu bölməkdə necə ilişib qalmasından və büdcələrin kor-koranə şəkildə qlobal Big Tech-ə axmasının daxili media-ekosistemi nə üçün zəiflətməsindən bəhs etmişdim. Lakin illərdir sənayeni daxildən gəmirən başqa bir daxili problem də var — bu, oyunçular arasında klassik qarşılıqlı fəaliyyət zəncirinin dağılmasıdır.
Söhbət reklam meydançalarının reklam agentliklərindən yan keçməyə çalışaraq, iri reklamverənlərlə birbaşa kontakt qurduğu məsələdən gedir.
MÖVZU İLƏ BAĞLI:
Tozsoran effekti: nə üçün Meta, Google və TikTok Azərbaycandakı büdcələrin böyük hissəsini aparır və bu nə ilə təhlükəlidir
Əlverişli sövdələşmə illüziyası
İlk baxışdan bu sxem sadə və hətta hər iki tərəf üçün cəlbedici görünür.
Reklamverən düşünür:
"Əgər mən telekanal, sayt və ya bilbord sahibi ilə birbaşa danışıb maksimal endirim əldə edə bilirəmsə, agentliyə niyə komissiya ödəməli və ya əlavə resurs xərcləməliyəm?"
Meydança düşünür:
"Əgər gəliri bölüşdürmədən reklamverənin bütün büdcəsini özümə götürə bilirəmsə, marjanı vasitəçi ilə nə üçün bölüşməliyəm?"
Həmin an elə gəlir ki, hamı qazanır. Biznes bir neçə faiz qənaət etdi, meydança isə satış planını bağladı.
Lakin sistemli səviyyədə bu qısamüddətli qələbə dağıdıcı zəncirvari reaksiyanı işə salır.
Nə üçün vasitəçi "artıq həlqə" deyil
Bəzi marketoloqların təfəkküründə reklam agentliyi indiyədək başqalarının reklam sahələrini götürüb üzərinə qiymət qoyaraq yenidən satan sadə bir alverçi kimi qəbul edilir. Lakin müasir peşəkar agentlik — media-inventar anbarı deyil. Bu, brend üçün strateji filtr və qalxandır.
Meydança müştərini qiymətlə və ya eksklüziv şərtlərlə birbaşa özünə cəlb etdikdə, bazar bir neçə əsas istiqamət üzrə balansını itirir:
Müstəqil ekspertiza yoxa çıxır. Meydança müştərinin konkret tapşırığına az uyğun gəlsə belə, öz inventarını satmaqda maraqlıdır. Agentliyin tapşırığı isə başqadır — konkret media daşıyıcısının deyil, brendin maraqlarını qoruyaraq işlək kanallar miksini seçməkdir və müştəri tərəfindən qoyulan hədəfə maksimal nail olmaq.
Analitikanın keyfiyyəti düşür. Agentlik platformalararası analitika aparır, rəqəmləri tutur, real geri dönüşü qiymətləndirir və effektivliyi hesablayır. Meydança ilə təkbətək işləyən reklamverən isə çox vaxt elə meydançanın özünün çəkdiyi hesabatlarla baş-başa qalır. Buda öz növbəsində obyektiv göstəricilər olmur.
Etibarlılıq institutu dağılır. Qiymətəmələgəlmə qaydaları qeyri-şəffaf olduqda və meydançalar birbaşa müqavilələrdə dempinq etdikdə, agentliklər ekspertizanı inkişaf etdirmək və bazara yeni qeyri-standart həllər təklif etmək həvəsini itirirlər. Əgər müştəri anlıq endirim xatirinə istənilən an birbaşa gedə biləcəksə, strategiyaya sərmayə yatırmağın nə mənası var?
Yekunda bunun bədəlini kim ödəyir?
Son nəticədə bu "yan keçmə oyunu"nun bədəlini reklamverənin özü ödəyir.
Ucuz qiymət xətirinə görə yerləşdirməyə endirim əldə edən şirkət çox vaxt kampaniyanın peşəkar müşayiətindən məhrum olur. Media-planlaşdırmadakı qeyri-professionallıq, zəif kreativ, nəticələrin dərin analizinin olmaması və resursların yanlış bölüşdürülməsi agentlik komissiyasına edilən bütün "qənaəti" üstələyir və marketing büdcəsinin itirilməsi ilə nəticələnir.
Meydançalar və agentliklər ip çəkən rəqiblər olmamalıdırlar. Bunlar səngərin eyni tərəfində olan tərəfdaşlardır. Güclü meydança keyfiyyətli, maraqlı kontent və auditoriya yaradır, güclü agentlik isə bu dəyəri biznes üçün elə təqdim edir ki, reklam maksimal dərəcədə effektiv olsun.
Sivil bazara necə nail olmalı?
Burada tək çıxış yolu var — şəffaf və ədalətli oyun qaydalarının bərqərar, əsassız qiymət endirimlərinə son qoyulması:
Meydançalar üçün: Agentliklərin roluna hörmət etmək və peşəkar tərəfdaşları əvvəlcədən uduzmuş vəziyyətə qoyan birbaşa müqavilələrdəki dempinq təcrübəsini ləğv etmək. Əsassız qiymət endiriminə son qoymaq.
Agentliklər üçün: Öz vazkeçilməzliyini əlaqələrlə deyil, güclü analitika, strategiya və müştərinin maraqlarının real qorunması ilə sübut etmək. Çünki uzunmüddətli etimad qısayollarla deyil, yalnız peşəkar yanaşma ilə qazanılır.
Reklamverənlər üçün: Agentliyi "ixtisar edilə bilən" xərc maddəsi kimi qəbul etməkdən əl çəkmək və ona öz büdcəsinin təhlükəsizliyinə və gəlirliliyinə yatırılan sərmayə kimi baxmaq.
Keyfiyyətli xidmət xərc tələb edir, bunun ilə Reklamverən razılaşmalıdır.
Reklam bazarı yalnız meydançalar və agentliklər eyni büdcə uğrunda vuruşmağı dayandırdıqda və vahid zəncirdə işləməyə başladıqda yerində saymaqdan əl çəkəcək. Silsiləmizin yekun məqaləsində biz əsas sualı təhlil edəcəyik: biznes həqiqətən nə üçün reklam agentliyinə pul ödəməlidir və nə üçün anlıq ucuzluq dalğasınca qaçmaq brendi mütləq məğlubiyyətə aparır.
Elxan Mahmudov, «Universal Reklam» agentliyi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































