Dominikan Respublikasında sərnişinsiz uçuş həyata keçirən xüsusi biznes-cet qəzaya uğrayıb. Texas ştatına (ABŞ) çarter reysi yerinə yetirən "Gulfstream G200" tipli özəl təyyarə təcili eniş zamanı yanaraq partlayıb.
Bizim.Media xəbər verir ki, hadisə ölkənin şərqindəki La-Romana Beynəlxalq Hava Limanında qeydə alınıb.
Məlumata görə, ABŞ qeydiyyatında olan təyyarə havaya qalxdıqdan qısa müddət sonra ekipaj mühərrikdə yaranan kritik nasazlıq və güc itkisi barədə dispetçerlərə məlumat verib və təcili geri qayıtmaq üçün icazə istəyib.
Hava limanından təxminən 30 kilometr (16 dəniz mili) məsafədə fövqəladə vəziyyət elan edən pilotlar geri dönsələr də, eniş uğurlu alınmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin uçuş-enmə zolağına toxunarkən idarəetməni itirdiyi, bərk çırpılaraq alova büründüyü əks olunub. Hadisə zamanı təyyarənin göyərtəsində sərnişin olmayıb, yalnız iki amerikalı pilot olub və onların hər ikisi qəza yerində həlak olub.
Məlum olub ki, qəzaya uğrayan biznes-cet beysbol əfsanəsi Yadier Molinanın ailəsini götürmək üçün Texasın Ostin şəhərinə yollanırmış. Məşhur idmançı sosial media hesabında pilotların ailəsinə başsağlığı verib.
Hazırda Dominikanın Mülki Aviasiya İnstitutu (IDAC) və Aviasiya Qəzalarını Araşdırma Komissiyası (CIAA) hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb. Hücum və ya qəza ehtimalı ilə bağlı mühərrik nasazlığının detalları yoxlanılır.
Bizim.Media








































































































