
- A-
- A
- A+
NVIDIA-nın keçmiş rəhbəri istefadan sonra ilk dəfə danışdı: “Peşmanam…”
NVIDIA şirkətinin keçmiş rəhbəri Censen Huang istefasından sonra rəsmi açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, o, müraciətində gözləntiləri doğrultmadığını, şəxsi həyatında ciddi səhvlərə yol verdiyini etiraf edib və buna görə peşman olduğunu bildirib.
Huang son bir həftə ərzində dostlarından, həmkarlarından və heç vaxt tanımadığı insanlardan böyük sevgi və dəstək gördüyünü qeyd edərək, ona və ailəsinə göstərilən diqqətə görə təşəkkür edib.
O, 53 il əvvəl ABŞ-a gəldiyini və Amerika vətəndaşı olmağın həyatındakı ən böyük hədiyyələrdən və qürurverici məqamlardan biri olduğunu vurğulayıb.
“NVIDIA mənim həyatımın işidir. Həmkarlarımla birlikdə bu günkü şirkəti qurmaq mənim üçün böyük imtiyaz və şərəf olub. NVIDIA kimi bir şirkət yalnız Amerikada yarana bilər. Mən ölkəmi və NVIDIA-nı sevirəm”, – deyə o bildirib.
Keçmiş rəhbər şirkətdə hər kəsdən gözlənilən standartlara cavab vermədiyini, şəxsi həyatında ciddi səhvlərə yol verdiyini və direktorlar şurası üçün problemlər yaratdığını etiraf edib.
O, baş verənlərə görə dərindən təəssüfləndiyini, səhvlərini tam qəbul etdiyini və direktorlar şurasının müstəqil araşdırması ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Huang istefasından sonra NVIDIA əməkdaşlarının, investorların, biznes tərəfdaşlarının və müştərilərinin onun yenidən baş direktor vəzifəsinə qayıtmasını istədiklərini də qeyd edib.
O vurğulayıb ki, direktorlar şurası onun qayıdışını səhmdarların, əməkdaşların, şirkətin və ABŞ-ın maraqlarına uyğun hesab edərsə, bu çağırışa cavab verməyə və vəzifəsinə qayıtmağa şərəf kimi baxacaq.
Açıqlamasının sonunda isə ailəsinə sevgisini ifadə edib:
“Ailəmə demək istəyirəm: sizi sevirəm və həyatımın qalan hissəsini sevginizə layiq olmağa çalışaraq keçirəcəyəm”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































