Rusiyanın Krasnodar diyarının Tuapse şəhəri son iki həftə ərzində üçüncü dəfə PUA hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, əvvəlki iki hücum zamanı dəniz terminalındakı çənlər yanmışdısa, bu dəfə hədəf neft emalı zavodu olub.
Hücumdan sonra zavod ərazisində genişmiqyaslı yanğın başlayıb. Hadisə ilə əlaqədar şəhərə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev gəlib. O, insanların həyat və sağlamlığının qorunmasını əsas prioritet adlandırıb. Bölgədə regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Məlumata görə, neft zavodundan qalxan tüstü sütunu demək olar ki, şaquli şəkildə yuxarı qalxır. Əvvəlki hücumlarda dəniz terminalı yandığı zaman kül və his şəhərin üzərinə çökür, avtomobillərin üstünü nazik qatla örtürdü.
Bu dəfə zərbə endirilən neft emalı zavodu sahildən bir neçə kilometr aralıda, yüksəklikdə yerləşir. Zavodun yaxınlığındakı evlərin sakinləri təhlükəsizlik məqsədilə təxliyə olunublar.
Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə fövqəladə hallar naziri Aleksandr Kurenkov da Krasnodar diyarına gəlib. Nazir yanğının söndürülməsi işlərinə şəxsən nəzarət edəcək.
Kurenkov və qubernator Veniamin Kondratyev Qara dəniz akvatoriyası üzərində helikopterlə baxış keçiriblər.
Krasnodar diyarının Operativ Qərargahından bildirilib ki, zərurət yaranarsa, mütəxəssislər əlavə dalğıc enişləri həyata keçirəcək və akvatoriyada neft məhsullarının yayılması ehtimalını yoxlayacaqlar.
Rusiya FHN rəhbəri Tuapse rayonunda dalğıc qrupunun sayının artırılması barədə də qərar qəbul edib. Dalğıclar dəniz akvatoriyasında əlavə yoxlamalar aparacaqlar.
Krasnodar diyarı üzrə Rospotrebnadzor idarəsi isə Tuapse sakinlərinə tövsiyələr yayıb. Sakinlərə açıq havada uzun müddət qalmamaq, pəncərələri açmamaq və evlərdə tez-tez nəm təmizlik aparmaq məsləhət görülüb.
Bizim.Media


































































































