Rahim Cəlalov: “Ya ölməliyik, ya da torpaqları azad etməliyik” - FOTO

Rahim Cəlalov: “Ya ölməliyik, ya da torpaqları azad etməliyik” - FOTO

Hazırda oxunan: Rahim Cəlalov: “Ya ölməliyik, ya da torpaqları azad etməliyik” - FOTO

639053

Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə iştirak edən Rahim Cəlalov həmin şərəfli günləri xatırlayıb.

Bizim.Media xəbər verir ki, 1976-cı ildə Şəki rayonunda anadan olan Rahim Cəlalov ali hərbi təhsil aldıqdan sonra leytenant kimi Tərtər istiqamətində xidmətə başlayıb.

Sonradan yaralanaraq hərbi xidmətdən ayrılsa da, cəbhədən uzaq qalmayıb və Aprel döyüşlərində də könüllü olaraq iştirak edib. Biznes fəaliyyəti ilə məşğul olan Cəlalov 2020-ci ildə döyüşlər başlayanda ilk olaraq anasından halallıq alaraq cəbhəyə yollanıb.

O, həm maddi imkanları ilə orduya dəstək göstərib, həm də döyüşlərdə birbaşa iştirak edib:
 

“Anamdan halallıq almaqla səngərə yollandım. Həm malımla döyüşdüm, həm canımla döyüşdüm. Bir zabit üçün torpaqları işğalda olan Vətəndə bundan gözəl və xoşbəxt iş ola bilməzdi. Ölüm-qalım savaşı idi. Ya ölməliyik, ya da illərdir düşmən tapdağında olan müqəddəs torpaqları azad etməliyik”, - deyə o bildirib.


Rahim Cəlalov Vətən müharibəsində ordu birliyi komandirinin müavini, şəhid Babək Səmidli ilə birlikdə döyüşüb və onun sürücüsü olub. Onun sözlərinə görə, Tərtər cəbhəsində, xüsusilə Suqovuşan-Talış istiqamətində döyüşlər olduqca ağır və gərgin keçib. Döyüşlər zamanı çətin vəziyyətdə qalan piyada bölmələrinə ağır texnikanın təhlükəli ərazilərdən keçirilməsində yaxından köməklik göstərilib və düşmənin 18 döyüş postu azad edilib.

İllər keçməsinə baxmayaraq, Cəlalov tez-tez Suqovuşan və Talış istiqamətinə baş çəkir, qürur dolu xatirələrini yada salır:
 

“Qarabağ bizim canımız idi. Qarabağ bizi tamamlayan ərazi idi. Artıq biz tamamıq, biz bütövük”, - deyə o vurğulayıb.

 

O, həmçinin doğma yurdlarına qayıdan soydaşlarımızı izlədikdə sonsuz fəxarət hissi keçirdiyini və xalqımıza zəfər dolu gələcək arzuladığını bildirib.




Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO