Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 13-də İvano-Frankivskdə “Həyata iradə” adlı idman yarışlarının iştirakçıları ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, səkkiz idman növü üzrə keçirilən yarışlarda döyüşçülər, veteranlar və sağlamlıq imkanları məhdud şəxslər iştirak edib. Onlar idman vasitəsilə sağlamlıqlarını bərpa edir və aktiv həyata qayıdırlar.
Ukrayna lideri özü də yarışlara qoşulub. Görüntülərdə onun ən azı 10 dəfə ştanq qaldırdığı, ox atdığı və stolüstü tennis oynadığı görünür.
Zelenski idmançılarla söhbət etdiyini və onların xidmət etdiyi briqadaların döyüş bayraqlarını imzaladığını bildirib.
“Belə gözəl görüş üçün təşəkkür edirəm. Bu fiziki və psixoloji reabilitasiya istiqamətini inkişaf etdirən, veteran icmasını prosesə cəlb edən və müdafiəçilərimizin aktiv həyata qayıtması üçün şərait yaradan hər kəsə minnətdaram”, – deyə Zelenski qeyd edib.
Qeyd edək ki, Ukrayna Prezidenti daha əvvəl də İvano-Frankivskdə müalicə və reabilitasiya keçən hərbçilərlə görüşüb.
Bizim.Media





























































































