Sosial şəbəkələrdə qazi Vüqar Hüseynovun metro yaxınlığında corab satmasını iddia edən növbəti video yayılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, görüntülərin “Neftçilər” stansiyasının yaxınlığında 141 saylı marşrutda qeydə alındığı deyilir.
Qazinin xəstə övladının müalicəsinə görə pula ehtiyacı olduğu, məhz bu səbəbdən corab satdığı bildirilir.
İddialarla əlaqədar Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Ağdaş rayon sakini 2001-ci il təvəllüdlü Hüseynov Vüqar İlqar oğlu 2022-ci ildən müharibə veteranı kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqaüdlə təmin olunur:

“Ona müharibədə aldığı xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi edilib. Onun əlilliyinin qiymətləndirilməsi üçün Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciətlərinin hər birinə baxılıb. Sağlamlığında əlillik əlamətləri olmadığına görə müvafiq qərar verilib və özünə bu barədə ətraflı məlumat verilib.
V.Hüseynovun məşğulluğunun təminatı məqsədilə də müvafiq iş aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində ona qoyunçuluq təsərrüfatının qurulması məqsədilə qeydiyyatı aparılıb. Bildirilib ki, heyvanları saxlamaq üçün müvafiq şəraiti quracağı halda proqram çərçivəsində ona təsərrüfat qurulacaq”.
Qeyd edək ki, Vüqar Hüseynovun daha əvvəl də əsa ilə metro çıxışında corab satmasını əks etdirən görüntülər yayılmışdı.
Bizim.Media


































































































