
- A-
- A
- A+
Kremlin Ukraynaya təzavüzünə qarşı çıxan rusiyalı jurnalistə cinayət işi açıldı
“Meduza”nın keçmiş araşdırmalar şöbəsinin rəhbəri Aleksey Kovalyova qarşı cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, iş materialları Moskva Şəhər Məhkəməsinin saytında yerləşdirilib.
Həmin materiallardan məlum olur ki, istintaq orqanları jurnalist Aleksey Kovalyovun qiyabi həbs olunması ilə bağlı vəsatəti Moskvanın Çeryomuşkinski Rayon Məhkəməsinə göndərib. Jurnalist Telegram kanalında “hərbi saxta məlumatlar” yaymaqda ittiham olunur .
Kovalyovun özü “Mediazona”ya bildirib ki, cinayət işinin açılmasına onun “Kovalyov Aleksey Yenisey çayı kimi” adlı Telegram kanalında 2023-cü ilin martından 2024-cü ilin iyulunadək dərc etdiyi iki paylaşım səbəb olub. Həmin paylaşımlarda Rusiya hərbçilərinin Ukraynanın dinc əhalisinə qarşı “zorakı hərəkətləri” barədə məlumat verilib.
Kovalyova qiyabi ittiham irəli sürülüb, oktyabr ayında isə o, axtarışa verilib.
Xatırladaq ki, Aleksey Kovalyov rusiyalı jurnalist və tərcüməçidir. O, “Snob” jurnalında müxbir işləyib, “The Guardian” və “Wired” nəşrləri ilə əməkdaşlıq edib. 2012-2013-cü illərdə “İnoSMİ” (RIA Novosti) saytına rəhbərlik edib. RIA Novostinin ləğv edilərək “Rossiya Seqodnya” agentliyinin nəzarətinə keçməsi nəticəsində işdən çıxarılıb.
2014-cü ildə saxta məlumatların ifşası ilə məşğul olan “Lapşesnimaloçnaya” layihəsini yaradıb, daha sonra Rusiyanın “Coda Media” nəşrinin baş redaktoru olub. 2019-2023-cü illərdə Kovalyov “Meduza”nın araşdırmalar şöbəsinə rəhbərlik edib.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra o, Rusiya Federasiyasını tərk edib və Kluni Ədalət Fondunun Açıq Məlumatlarla İş Departamentində fəaliyyətə başlayıb.
2024-cü ilin dekabrında Rusiya Ədliyyə Nazirliyi Kovalyovu “xarici agentlər” reyestrinə daxil edib. Daha sonra onun barəsində “xarici agentlər” haqqında qanunvericiliyin tələblərini pozduğuna görə inzibati protokollar tərtib olunub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































