
- A-
- A
- A+
“Məktəbdə bulka satırdım, bu gün böyük şirkətlərin süfrəsinə dad gətirirəm” — Müsahibə
Bəzən həyat insanın əlindən sahib olduğu hər şeyi alır, amma bir şeyi ala bilmir: yenidən başlamaq iradəsini!
Bizim.Media “Doydum Catering” şirkətinin rəhbəri Ceyhun Xəlilzadənin Kouc.az-a müsahibəsini təqdim edir:
— Ceyhun bəy, uğur hekayəniz kifayət qədər maraqlı və təsirli başlanğıca malikdir. Hər şey necə başladı?
— Bəzən həyat insanın əlindən sahib olduğu hər şeyi alır, amma bir şeyi ala bilmir: yenidən başlamaq iradəsini! Hər uğur hekayəsinin arxasında görünməyən bir mübarizə, heç kimin bilmədiyi çətinliklər və insanın özünə verdiyi bir söz dayanır. Mənim həyat yolum da məhz belə hekayələrdəndir. Bir zamanlar maddi baxımdan imkanlı olan ailəmizin həyatı gözlənilməz hadisələr nəticəsində tamamilə dəyişdi. Atamın biznes fəaliyyətində işlərin istənilən kimi getməməsi ailənin bütün maddi imkanlarını itirməsinə səbəb oldu. Bir vaxtlar rahat həyat yaşayan ailəmiz üçün çətin günlər başladı.
— Çətin günlərdə ailə olaraq necə ayaqda qaldınız?
— Təslim olmağı seçmədik. Hələ uşaq yaşlarımdan həyatın məsuliyyətini hiss etməyə başladım və valideynlərimlə birlikdə məktəbdə bulka satmağa başladım. Mənim üçün bu, sadəcə çörək pulu qazanmaq deyildi. Bu, zəhmətin nə olduğunu, pulun necə qazanıldığını, ailə məsuliyyətini və həyatın hər zaman istədiyimiz kimi getmədiyini öyrədən ilk həyat məktəbi idi. Bəlkə də həmin illərdə məktəbdə bulka satan balaca Ceyhun gələcəkdə öz şirkətinin rəhbəri olacağını təsəvvür etmirdi. Amma həyat mənə çox vacib bir dərs öyrədirdi: insanın haradan başladığı deyil, hansı istiqamətdə irəlilədiyi önəmlidir.
— Öz biznesinizi qurana qədər hansı mərhələlərdən keçdiniz?
— Böyüdükcə müxtəlif sahələrdə çalışdım, fərqli iş təcrübələri qazandım. Hər yeni iş mənə başqa bir bacarıq, başqa bir həyat dərsi qazandırdı. Qarşıma çıxan çətinliklərə baxmayaraq, axtarışımı dayandırmadım. 32 yaşına qədər müxtəlif işlərdə çalışmağım mənim üçün sadəcə əmək fəaliyyəti deyil, gələcək biznesimin təməlini formalaşdıran bir təcrübə məktəbi oldu. Nəhayət, bir gün öz biznesimi qurmaq qərarına gəldim. Bu qərar həyatımda yeni bir səhifə açdı. Öz catering şirkətimi yaratmaqla uzun illər ərzində topladığım təcrübəni, zəhməti və sahibkarlıq arzusunu real biznesə çevirdim.
— Bu gün “Doydum Catering” hansı mərhələdədir?
— Bu gün rəhbərlik etdiyim “Doydum Catering” şirkəti ilə artıq fərqli bir mərhələdəyəm. Bir zamanlar məktəbdə bulka satan uşaq bu gün böyük bir komanda ilə fəaliyyət göstərir, korporativ şirkətlərə peşəkar catering xidmətləri təqdim edir və öz dadlı yeməkləri ilə çoxsaylı insanların süfrəsinə qonaq olur. Bu inkişafın arxasında təkcə biznes ideyası deyil, illərlə formalaşan zəhmət, təcrübə, səbir,yaradana güvənərək çıxdığım yol və məsuliyyət dayanır. Mənim hekayəmdə diqqət çəkən ən mühüm məqam odur ki, həyatın mənə təqdim etdiyi çətin başlanğıcı gələcəyimin sərhədinə çevirmədim.
— Uğur qazanmaq istəyən, amma çətinliklər qarşısında tərəddüd edən insanlara nə demək istərdiniz?
— Bəzən insanlar uğur qazanmaq üçün ideal şəraitin yaranmasını gözləyirlər: daha çox pul, daha yaxşı imkanlar, düzgün zaman və əlverişli şərait... Amma mənim həyat yolum göstərir ki, uğura aparan yol həmişə ideal şəraitdən başlamır. Bəzən o yol məktəbdə bulka satmaqdan, ailənə dəstək olmaqdan, müxtəlif işlərdə çalışmaqdan və hər dəfə yenidən ayağa qalxmaqdan başlayır. İnsanı müəyyən edən keçmişdə itirdikləri deyil, itkilərdən sonra nə qurmağı bacardığıdır. Çünki həyatın ən böyük uğuru heç vaxt yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən ayağa qalxmaq və öz yolunu qurmaqdır. Başlanğıc nöqtəniz taleyinizin son nöqtəsi deyil. Əgər iradəniz, zəhmətiniz və davam etmək cəsarətiniz varsa, dünənin çətinlikləri sabahınızın uğur hekayəsinə çevrilə bilər.
Bəs bu hekayə bizə nə öyrədir?
Bəzən insanlar uğur qazanmaq üçün ideal şəraitin yaranmasını gözləyirlər — daha çox pul, daha yaxşı imkanlar, düzgün zaman və əlverişli şərait...
Amma Ceyhun Xəlilzadənin həyat yolu göstərir ki, uğura aparan yol həmişə ideal şəraitdən başlamır. O yol özünə və yaradana inanmaqdan,hara gedəcəyini təyin etməkdən və yorulmadan təyin etdiyin hədəfə doğru irəliləməkdəm keçir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































