
- A-
- A
- A+
Rusiyada korrupsiya qalmaqalı - General-polkovnik həbs edildi
Rusiyanın Aerokosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexov Moskvada həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Vot Tak” nəşri məlumat yayıb.
Bildirilib ki, Moskvanın 235-ci Qarnizon Hərbi Məhkəməsi noyabrın 25-də Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatəti əsasında Qrexovun barəsində həbs qərarı çıxarıb.
Məhkəmənin iş üzrə məlumatlarında generala qarşı irəli sürülən ittihamın mahiyyəti açıqlanmayıb. Lakin “Kommersant” nəşrinin istintaqa yaxın mənbələri onun korrupsiyada ittiham olunduğunu bildiriblər. RBC nəşri isə öz mənbələrinə istinadən Qrexovun rüşvət işi üzrə həbs edildiyini yazıb.
Məlumata görə, Yuri Qrexov 1979-cu ildən hərbi xidmətdədir.
O, 2007–2009-cu illərdə Xüsusi Təyinatlı Qüvvələrin Hava Hücumundan Müdafiə Diviziyasının qərargah rəisi və komandir müavini vəzifələrini icra edib.
2013-cü ildə Hava Hücumundan və Raket Əleyhinə Müdafiə Qoşunlarının qərargah rəisi – komandanın birinci müavini təyin olunub. 2015-ci ildə isə Aerokosmik Qüvvələrin eyni strukturunda analoji vəzifəyə keçirilib.
2018–2021-ci illərdə Qrexov Rusiyanın Aerokosmik Qüvvələrinin Hava Hücumundan və Raket Əleyhinə Müdafiə Qoşunlarına komandanlıq edib.
2021-ci ildə Aerokosmik Qüvvələrin silahlanma üzrə baş komandan müavini vəzifəsinə təyin olunub. Həmin il ona general-polkovnik hərbi rütbəsi verilib.
2022-ci ildə Avropa İttifaqı Yuri Qrexovu Ukraynaya qarşı Rusiyanın hərbi təcavüzündə iştirakına görə sanksiya siyahısına daxil edib.
Onun dövlət təltifləri arasında Vətənə xidmətə görə III və IV dərəcəli ordenlər, Aleksandr Nevski ordeni və “Suriyada hərbi əməliyyatın iştirakçısı” medalı var.
Qeyd edək ki, Qrexova qarşı irəli sürülən ittihamın konkret detalları hələlik açıqlanmayıb. Rüşvət və korrupsiya ilə bağlı məlumatlar media nəşrlərinin istintaqa yaxın mənbələrinə əsaslanır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































