
- A-
- A
- A+
Milyonlarla vəsait xərclənən “Qabıllı Quşçuluq” MMC niyə fəaliyyətə başlamır? – Video
Naxçıvanın Kəngərli rayonunda yaradılan “Qabıllı Quşçuluq” MMC illərdir fəaliyyət göstərmir. Dövlət Məşğulluq Agentliyinin tabeliyində 2021-ci ildə yaradılan müəssisəyə milyonlarla manat dövlət vəsaiti xərclənməsinə baxmayaraq, istehsala başlanılmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Space TV-nin Naxçıvan bürosunun hazırladığı reportajda bildirilib.
Kəngərli rayonunun Qabıllı kəndində yerləşən müəssisə fəaliyyətə başlayacağı təqdirdə, burada ikinövbəli iş rejimində onlarla yerli sakin çalışacaq, 90 min baş quş saxlamaq mümkün olacaqdı.
30 noyabr 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə Dövlət Məşğulluq Agentliyinin tabeliyində yaradılan “Qabıllı Quşçuluq” MMC-nin əsas məqsədi işaxtaran və sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğunu təmin etmək, yeni iş yerləri yaratmaq, eləcə də muxtar respublikanın quş əti və yumurtaya olan tələbatını ödəmək olub.
Müəssisə əvvəlki “Kəngərli Quşçuluq” ASC-yə məxsus 50 min kvadratmetrdən artıq torpaq sahəsi, bina və qurğuların bazasında yaradılıb. Lakin aradan beş il keçməsinə baxmayaraq, müəssisə hələ də fəaliyyətə başlamayıb.
Müəssisənin tamamlanması üçün 2023-cü ildə “Nəqşicahan İnşaat” MMC podratçı təşkilat kimi müəyyən edilib. Təmir və tamamlama işləri aparılıb, qəfəs sistemləri və dezinfeksiya avadanlıqları quraşdırılıb, günəş panelləri və artezian quyuları ilə bağlı işlər görülüb. Buna baxmayaraq, istehsal prosesinə start verilməyib. Müəssisənin istifadəyə verilməsi üçün torpaq sənədləri, texniki pasport və digər məsələlərin də problem olaraq qaldığı bildirilir.
Məsələ 2024-cü il mayın 8-də Ali Məclisin iclasında da gündəmə gətirilib.
Rəsmi cavabda müəssisənin icarəyə verilməsi, sahibkarların cəlb olunması və “Naxçıvan Taxıl Məhsulları” MMC tərəfindən biznes planın hazırlanması istiqamətində işlərin aparıldığı qeyd olunub. Sonrakı dövrdə də müəssisəni icarəyə götürmək istəyən sahibkarlar olsa da, bu təşəbbüslər nəticə verməyib.
Naxçıvanda quşçuluq sahəsindəki göstəricilər də vəziyyətin narahatlıq doğurduğunu göstərir. 2021-ci ildə muxtar respublikada 110 milyon yumurta istehsal edildiyi halda, 2025-ci ildə bu rəqəm 69,6 milyon olub. Quşların sayı isə eyni dövrdə 1,5 milyondan 570 minə qədər azalıb.
Belə bir şəraitdə mövcud istehsal potensialından istifadə edilməməsi diqqət çəkir. Halbuki quşçuluğun inkişafı 2023–2027-ci illər üzrə Naxçıvanın inkişafı Dövlət Proqramında da prioritet istiqamətlərdən biri kimi nəzərdə tutulub.
Müəssisənin fəaliyyətsiz qalması isə bir sıra suallar doğurur: onun yaradılması və tamamlanması üçün indiyədək nə qədər dövlət vəsaiti xərclənib? Podratçı təşkilata hansı məbləğdə ödəniş edilib? Sahibkarların icarə təşəbbüsləri niyə nəticəsiz qalıb? 2024-cü ildə hazırlanması nəzərdə tutulan biznes planın aqibəti necə olub? Hazırda MMC-nin hüquqi və faktiki vəziyyəti necədir? Ən əsası, müəssisə nə vaxt fəaliyyətə başlayacaq və neçə nəfəri işlə təmin edəcək?
Daha ətraflı videoda:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































