Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli hesabatının arxasında kimlər dayanır?

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli hesabatının arxasında kimlər dayanır?

Hazırda oxunan: Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli hesabatının arxasında kimlər dayanır?
649828
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa Parlamenti (AP) yenə də Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə töhfə vermək əvəzinə, regionun siyasi reallıqlarını təhrif edən köhnə yanaşmasını davam etdirir. Azərbaycan və Ermənistanla münasibətlərə dair paralel hazırlanan son tövsiyə layihələri bunu açıq şəkildə nümayiş etdirir.

Belə ki, Dan Barnanın Azərbaycan, Miriam Lexmannın isə Ermənistan üzrə hazırladığı layihələr bu qurumun hansı siyasi maraqların təsiri altında fəaliyyət göstərdiyini, demokratiya və insan hüquqları kimi dəyərlərə münasibətdə nə qədər selektiv davrandığını bir daha sübut edib.

Ermənistan lobbisi Azərbaycan haqqında hesabatın müəllifi kimi

Əvvəla onu qeyd edək ki, Avropa Parlamentinin şəffaflıq reyestrində yer alan məlumatlarda Azərbaycan üzrə məruzəçi Dan Barnanın keçirdiyi görüşlər öz əksini tapıb. Belə ki, Barnanın 6 noyabr 2026-cı ildə Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyi və ASİMKOM təşkilatı (xaricdə fəaliyyət göstərən anti-Azərbaycan mühacir qruplaşması) ilə, noyabrın 12-də isə ASİMKOM-la əlavə görüşün keçirildiyi göstərilir.

Söhbət Azərbaycanla bağlı siyasi sənədin hazırlanmasından gedirsə, ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi ilə seçilən dairələrin bu prosesə fəal şəkildə cəlb olunması məqsədin nə olduğunu açıq şəkildə ortaya qoyur.

Yəni, Ermənistan diplomatlarının Azərbaycanla bağlı sənədin hazırlanması prosesində iştirak etməsi, üstəlik, ASİMKOM kimi “söyüş müxalifəti”nin nümayəndələrini özündə birləşdirən təşkilatın məsləhətləşmə tərəfləri sırasında yer alması təsadüfi deyil. Bu qrupların məqsədi, məramı bəllidir. Onlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa, regionda sülhə əngəl törətməyə proqramlaşdırılmış oyuncaqlardır.

Daha absurd məqam isə “söyüş müxalifəti”nin nümayəndələrinin ölkəmiz haqqında beynəlxalq müstəvidə danışarkən özlərini Azərbaycan cəmiyyətinin nümayəndəsi kimi təqdim etməsidir. Yəni bu layihə hazırlananda təhqir və söyüşü siyasi mübarizə vasitəsinə çevirənlər ölkəmizin nümayəndəsi kimi rəy bildiriblər.

Öz fikirlərini söyüşsüz ifadə edə bilməyənlər necə bir dövlətin, xalqın təmsilçisi kimi qəbul edilə bilər?! Onların tövsiyəsi ilə hazırlanan sənədin obyektivliyindən necə danışmaq olar?!

Avropa Parlamentinin maliyyə və siyasi dəstək çağırışlarının arxasında nə dayanır?

Dan Barnanın hazırladığı layihədə xaricdə fəaliyyət göstərən müxaliflərə maliyyə və siyasi dəstəyin artırılması, onların Avropa İttifaqı ərazisində qorunması ilə bağlı müddəaların yer alması isə məsələnin iç üzünü bütün çılpaqlığı ilə ortaya qoyur. Yəni, Avropa Parlamentinin üzvü erməni lobbisi və “söyüş müxalifəti” ilə əlbir olub, biri-birilərinin ciblərini doldurmaqla məşğuldurlar.

Dan Barnanın da, “söyüş müxalifəti”nin də, erməni lobbisinin də məqsədi bəllidir. Bəs, Avropa Parlamenti hansı əsaslarla bu şəxslərin mövqelərini Azərbaycan cəmiyyətinin ümumi siyasi mənzərəsini əks etdirən məlumat kimi qəbul edir? Onların iddiaları yoxlanılırmı? Alternativ mövqelər dinlənilirmi? Rəsmi Bakının arqumentlərinə hansı səviyyədə yer ayrılır?

Bu suallar cavabsız qaldıqca, Azərbaycanla bağlı tövsiyə layihəsinin müstəqil araşdırmadan daha çox, qeyd olunan siyasi dairələrin maraqlarına uyğun hazırlanmış sənəd olduğuna şübhə yeri qalmır.

Prezident İlham Əliyevin bu ilin sentyabrında Avropa Parlamentinin mahiyyəti ilə bağlı səsləndirdiyi fikirlər də məhz belə halların yaratdığı siyasi mənzərənin fonunda yenidən xüsusi aktuallıq qazanıb:

“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.

Öz daxilində ciddi korrupsiya qalmaqalları ilə gündəmə gələn bir qurumun digər ölkələrə demokratiya və idarəçilik dərsi keçməsi, üstəlik, birtərəfli siyasi məlumatlar əsasında tövsiyələr hazırlaması onun mənəvi və siyasi legitimliyinin hansı səviyyədə olduğunu göstərir.

Ermənistanda siyasi həbslər, Avropada susqunluq

Avropa Parlamentinin Azərbaycanla bağlı sənədlərində insan hüquqları məsələsinin xüsusi yer tutması, Ermənistana münasibətdə isə eyni həssaslığın nümayiş etdirilməməsi Brüsselin ikili standartlarının ən aydın göstəricilərindəndir.

Məsələn, noyabrın 16-da Ermənistan parlamentində müxalifətin təşəbbüsü ilə siyasi məhbuslar məsələsinə dair dinləmələr keçirilib. Hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları müzakirələrdə iştirak etməyərək ölkədə siyasi məhbusların olmadığını bildiriblər. Müxalifət isə keçmiş prezident Robert Köçəryan, Samvel Karapetyan və Qagik Tsarukyan da daxil olmaqla bir sıra siyasi fiqurlara qarşı cinayət təqiblərinin siyasi motivli olduğunu iddia edib.

Ermənistanın daxili siyasi həyatında baş verənlərin ən ağır nümunələrindən biri müxalifətin Stepanavan şəhərində bələdiyyə seçkilərinə qatılan namizədi Arsen Gevorgyanın həbsdə vəfat etməsidir. O, oktyabrın 21-də seçki rüşvəti ittihamı ilə saxlanılıb, noyabrın 10-da isə Nubarashen həbsxanasında həyatını itirib. Ermənistan hakimiyyəti ölümün ürək tutması nəticəsində baş verdiyini bildirsə də, müxalifət onun lazımi tibbi yardımla təmin olunmadığını iddia edərək hadisənin araşdırılmasını tələb edir.


Eyni zamanda, baş nazir Nikol Paşinyanı tənqid edən sosial şəbəkə paylaşımından sonra müxalifətçi Artur Danielyanın saxlanılması və digər siyasi fiqurlarla bağlı cinayət təqibləri də ölkədə siyasi azadlıqların hansı vəziyyətdə olduğunu ortaya qoyur.

Almaniyanın DW nəşrinin noyabrın 7-də dərc etdiyi təhlildə də Ermənistan müxalifətinə qarşı selektiv cinayət təqibləri ilə bağlı narahatlıqlar gündəmə gətirilib. Məqalədə Avropa İttifaqının Ermənistanla geosiyasi yaxınlaşması səbəbindən bu proseslərə kifayət qədər sərt reaksiya vermədiyi bildirilib.

Belə olan halda sual yaranır: Azərbaycanla bağlı hər hansı məsələni dərhal siyasi qətnamə predmetinə çevirən Avropa Parlamenti Ermənistanda müxalifətçilərin həbsi, siyasi təqiblər və həbsdə saxlanılan şəxsin ölümü qarşısında niyə eyni prinsipiallığı nümayiş etdirmir?

Əgər insan hüquqları universal dəyərdirsə, onun coğrafiyası və ya geosiyasi istiqaməti olmamalıdır. Azərbaycanda hüquqi proseslərə münasibətdə tələb olunan şəffaflıq və obyektivlik Ermənistandakı hadisələrə də eyni qaydada tətbiq edilməlidir. Əks halda, insan hüquqları siyasi təzyiq mexanizminə çevrilir.

Sülh prosesinə qarşı köhnə ssenari

Avropa Parlamentinin Azərbaycanla bağlı yanaşmasının digər problemli tərəfi regional reallıqların dəyişməsinin nəzərə alınmamasıdır.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regional kommunikasiyaların açılması istiqamətində real imkanlar yaranıb. Noyabrın 23-də Ermənistanın yeni Konstitusiya layihəsinin açıqlanması da bu prosesin mühüm mərhələlərindən biridir. Rəsmi Bakı isə Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını sülh sazişinin imzalanması üçün zəruri şərt hesab edir.

Lakin Avropa Parlamentinin hazırladığı sənədlərdə hələ də keçmiş münaqişə ritorikasına, separatçı rejimlə bağlı iddialara və Azərbaycana qarşı sanksiya çağırışlarına yer verilməsi Brüsselin regiondakı yeni reallıqları qəbul etmək istəmədiyini göstərir.

Otuz il ərzində Ermənistanın işğal siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasına, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınmasına adekvat siyasi münasibət göstərməyən Avropa Parlamentinin Azərbaycanın öz suverenliyini bərpa etməsindən sonra cəza mexanizmləri tələb etməsi hansı məntiqə sığır?

Üstəlik, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində və Şərq-Qərb nəqliyyat bağlantılarında mühüm tərəfdaşdır. 2025-ci ildə Avropa İttifaqı ölkələrinə 12,5 milyard kubmetrdən çox Azərbaycan qazının ixrac edilməsi də bu əməkdaşlığın strateji əhəmiyyətini təsdiqləyir.

Belə bir şəraitdə sanksiya təhdidlərini siyasi təzyiq vasitəsinə çevirmək Avropanın öz ayağına güllə vurması deməkdir.

Brüssel seçim qarşısında

Bu gün Avropa Parlamentinin qarşısında iki seçim var: ya bütün tərəflərin mövqeyini dinləyərək obyektiv və vahid hüquqi meyarlar əsasında fəaliyyət göstərmək, ya da müəyyən lobbi qruplarının və qərəzli şəxslərin təsiri altında nüfuzunu daha da itirmək.

Brüssel anlamalıdır ki, Cənubi Qafqaz artıq köhnə münaqişə ssenariləri ilə idarə olunan region deyil. Burada sülhün gələcəyi erməni lobbisinin, radikal mühacir qruplarının və ayrı-ayrı avropalı deputatların siyasi istəklərindən deyil, dövlətlərin suverenliyinə, qarşılıqlı hörmətə və beynəlxalq hüquqa münasibətindən asılıdır.

Avropa Parlamentinin həqiqətən demokratiya və insan hüquqlarını müdafiə etmək iddiası varsa, ilk növbədə bu prinsipləri öz siyasi yanaşmalarında tətbiq etməlidir. Əks halda, onun Azərbaycan haqqında hazırladığı sənəd də obyektiv hesabat deyil, siyasi maraqların diktəsi ilə yazılmış növbəti kağız parçası olaraq qalacaq.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO