
- A-
- A
- A+
Azərbaycan müdirlərini sınaq gözləyir – Xarici həmkarlarından nümunə götürə biləcəklərmi?
Bir oyun üçün iş yerində əlavə məzuniyyət verilməsi bəlkə də ilk baxışdan qeyri-ciddi, hətta gülməli görünə bilər. Amma xarici ölkələrdə oyun günü üçün xüsusi izn günü təyin edirlər. Məsələn məşhur GTA oyunları ilə bağlı iznlərin verilməsi çox sahibkarlar üçün artıq öhdəlik olub.
Təbii ki, bütün şirkətlər belə güzəştlərə getmir, amma bəzi şirkətlər əməkdaşlarının şəxsi maraqlarını korporativ siyasətlərinin bir hissəsi kimi qəbul edirlər. Əvvəlcə baxaq:
Bu GTA 6 nədir və niyə bu qədər böyük hadisəyə çevrilib?
Grand Theft Auto VI (GTA 6) Rockstar Games şirkətinin hazırladığı, dünyanın ən məşhur videooyun seriyalarından birinin altıncı əsas hissəsidir. Oyun açıq dünya formatındadır. İştirakçılar virtual şəhərdə sərbəst hərəkət edir, tapşırıqları yerinə yetirir, avtomobillərdən istifadə edir və hadisələrin inkişafına qoşulurlar. GTA seriyasının əvvəlki hissəsi olan GTA V 2013-cü ildə çıxmışdı. Buna görə də yeni oyunun təqdimatına qədər 13 ildən çox vaxt keçməsi gözləntini daha da artırmışdı. GTA 6-nın rəsmi təqdimat tarixi 19 noyabr 2026-cı il olub. Yəni söhbət sadəcə yeni bir oyunun satışa çıxmasından yox, milyonlarla insanın illərlə gözlədiyi qlobal əyləncə hadisəsindən gedir. Ona görə də çox şirkət işçisinə həsrətini çəkdiyi oyun üçün izin verir.
Məsələn: Logitech (İsveçrə) şirkəti təxminən 7300 əməkdaşı üçün Logi Game Day adlı istirahət günü elan edib. Hətta Hindistan da əməkdaşlarına oyunla bağlı əlavə istirahət imkanları yaradıb.
Kanadanın Edison Motors şirkəti və ABŞ-ın Burger Motorsports şirkəti də oyunun təqdimatı ilə əlaqədar iş fəaliyyətini müvəqqəti dayandırmaq qərarı verənlər sırasında olub.
Şirkət sahibləri bu addımla işçilərin şəxsi maraqlarını, hobbilərini nəzərə almağı korporativ mədəniyyətin bir hissəsinə çevirdiklərini göstərirlər. Bildirilir ki, niyə işçi istirahət etmək üçün mütləq başına nəsə gəlməsini gözləməlidir? İşçinin oyun həvəskarı olması, futbol matçına baxmaq istəməsi, konsertə getməsi onun peşəkarlığına kölgə salmamalıdır.
Azərbaycan müdirləri belə bir addıma hazırdırlarmı?
İndidən ciddi iş platformalarında, sosial mediada bu oyunun azərbaycanlı həvəskarları təkliflərə başlayıb, səslərini eşitdirirlər ki, “o əşdahadan xaricdə varsa, bizdə niyə yoxdur?” Amma məsələyə öz əmək münasibətlərimizin reallığından baxsaq, cavab bu olacaq - xeyr. Bizdə bir çox işçi məzuniyyət istəyərkən özünü izah etmək, şəxsi problemini əsaslandırmaq, hətta yalan uydurmaq məcburiyyətində hiss edir. Halbuki izn işçinin qanuni hüququdur. Onu xəstəlik, ailə problemi və ya başqa fövqəladə hadisə ilə əsaslandırmaq məcburiyyətində deyil. Əlbəttə, işin davamlılığı, əvəzləyici əməkdaşın olması, işin təhvil tarixləri nəzərə alınmalıdır.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































