Yerlə yeksan edilmiş AĞDAM TEATRI və erməni tankını özü ilə birlikdə partladan ŞƏHİD AKTYOR 

Yerlə yeksan edilmiş AĞDAM TEATRI və erməni tankını özü ilə birlikdə partladan ŞƏHİD AKTYOR 

Hazırda oxunan: Yerlə yeksan edilmiş AĞDAM TEATRI və erməni tankını özü ilə birlikdə partladan ŞƏHİD AKTYOR 

124855

Ölkəmizdə qeyd olunan Milli Teatr Günündən Əbdürəhimbəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının kollektivinə də pay düşür. O, kollektiv ki, Qarabağ savaşının qığılcımları böyük alovlar yaradanda, cəbhəyə üz tutublar. Kimisi aktyor kimi əsgər görüşünə gedib, kimisi də silaha sarılaraq səhnəni səngərə dəyişib. 

"Bu gün həm Azərbaycan teatrının yaranması günüdür, həm də Ağdam Dövlət dram teatrının yaranmasının 100 il tamam olur. Bundan başqa Ağdam Dövlət Dram Teatrı keçmiş SSRİ miqyasında yeganə teatr müəssisəsidir ki, onun aktyoru torpaqların müdafiəsi uğrunda döyüş meydanında şəhid olub. Bu, aktyor Vüqar Əsgərovdur " - deyir Məhəmməd Hüseynov. 

Məhəmməd Hüseynov Ağdam Dövlət Dram Teatrının direktorudur. Deyir ki, müharibə başlayanda Ağdam könüllü özünü müdafiə batalyonunda komandir müavini olub.

Kollektivin aktyoru Vüqar Novruz oğlu Əsgərov isə həmin batalyonunun əsgəri kimi könüllü olaraq cəbhəyə gəlib: 

"Kollektivdə şən və istedadlı olan Vuqardan heç bir əsər-əlamət qalmamışdı. O, cəsur, qorxmaz və məhsuliyyətli əsgərə çevrilmişdi. Keçmiş Ağdərə rayonunun Qazançı, Sırxavənd, Umudlu, Fərrux (yüksəkliyi), Manik kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Ancaq amansız müharibədə bir çox igid döyüşçü kimi Vuqar da şəhid oldu".

Aktyorun şəhid olması müharibənin amansızlığından xəbər verir. Vüqarın son döyüşü 1993-cü ilin fevralında Ergi adlanan ərazidə baş tutub.

O, bu döyüşdən sağ çıxa bilmir. Bununla yanaşı Ağdam dövlət dram teatrının binası da Ermənistan ordusunun işğalı altına düşür və tamamilə darmadağın edilir: 

"Teatrda çalışanlar dünyanın ən nəcib peşə işçiləri sayılırlar. İkinci dünya müharibəsində Polşanın paytaxtı Varşava yerlə yeksan oldu. Amma orada salamat qalan yeganə bina teatr binası idi. Hətta alman faşistləri belə teatr binasına güllə atmayıblar. Avropanın bir çox şəhərlərini darmadağın ediblər. Amma onlar heç vaxt mədəniyyət ocaqlarına toxunmayıblar. Görün biz nə qədər qeyri-insani düşmənlə qarşı-qarşıya olmuşuq ki, onlar teatr binasına da rəhm etməyiblər. Bu gün yerlə yeksan edilmiş Ağdam teatrının binası erməni vəhşiliyinin sübutudur" – deyə M.Huseynov bildirib.

Peşə bayramı günlərini qeyd edən ağdamlı səhnə adamları köçkünlük və ağır müharibə illərinin sınağından necə deyərlər üzüağ, alnı açıq çıxıblar.

Hətta beynəlxalq səhnələrdə belə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, mükafatlara layiq görülüblər. O ki, qaldı şəhid aktyor Vüqar Əsgərova. Ruhu şaddır, çünki teatr binasının olduğu şəhərə hücum edən erməni tankını özü ilə birlikdə partladan Vüqarın Uzundərədəki məzarı da, onun bir vaxtlar küçələrində gəzdiyi Ağdam şəhəri də azad edilib. İndi yaradıcı heyət böyük həvəslə doğma şəhərə köçəcəyi günü gözləyir”. 






Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO