Tanınmış professor peyvəndləndi - FOTO

Hazırda oxunan: Tanınmış professor peyvəndləndi - FOTO

9382

Tibb elmləri doktoru, professor Adil Qeybullaya Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksaiyasına qarşı “Coronavac" peyvəndinin 1-ci dozası vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə həkim “Facebook” hesabında bildirib. Həkimn özünü yaxşı hiss etdiyini və iynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort olmadığını qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda peyvəndin gecikməsi yaxşıdır, ya pis?  


“Şübhəsiz ki, peyvəndləmə pandemiyanın sonu deyil. Amma infeksiya zəncirinin qırılmasının, onun kaskad şəklində yayılmasının qarşısını almaq üçün vacib prosedurdur.

Biz bu yolla, kollektiv immunitetə və pandemiyanın sonuna tez və daha az itkilərlə yetişə bilərik. Peyvənd aktiv immunizasiya metodu olub infeksiyalarla mübarizə işində elmin nail olduğu ən effektiv vasitə olaraq qalır.

Məhz kütləvi peyvəndləmənin nəticəsi olaraq, bu gün on minlərlə uşağın həyatına son qoyan, onları əlil edən skarlatina, difteriya, göy öskürək (boğmaca), qızılca, poliomielit kimi infeksiyalar yoxa çıxmış görünür.

Peyvəndin köməyi ilə insanlıq tarixində pandemiyalar törətməklə təxminən 500 milyon insanın həyatına son qoyan təbii çiçək kimi xüsusi təhlükəli infeksiya yoxa çıxmış və Ümumdünya Səhiyyə Təşkilatından reyestrindən çıxarılıb. Bu reallıqları nəzərə almaq gərəkdir”.

Həkim insanları vaksin tərəddüdünə qoşulmamağa çağırıb:

“Pandemiyanın başlanğıcında bəzi insanların sürətlə yayılan infeksiyanı yalan, boş şey, insanları məhv etmək metodu və s. kimi primitiv səviyyədə cəfəng, əsassız və məntiqsiz təbliğatını yada salın.

Təəssüflə qeyd etmək yerinə düşərdi ki, sonradan həmin dezinformasiya hörgütünün bəzi üzvləri özləri də xəstələndilər, onların içərisində həyatlarını itirənlər də az olmadı...

Bu kampaniyanı bilərəkdən yayan və ya səmimi yanılanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin!”, - deyə həkim əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO