Əli Kərimlinin müdafiəsinə kimlər səfərbər olunub? - London səhnəsində erməni lobbisinin izi

Əli Kərimlinin müdafiəsinə kimlər səfərbər olunub? - London səhnəsində erməni lobbisinin izi

Hazırda oxunan: Əli Kərimlinin müdafiəsinə kimlər səfərbər olunub? - London səhnəsində erməni lobbisinin izi
649916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsindən sonra onun adının Qərbin siyasi gündəmində saxlanılması istiqamətində başladılan kampaniya artıq ayrı-ayrı bəyanat və müraciətlər çərçivəsindən çıxaraq daha geniş təşkilatlanmış fəaliyyət təsiri bağışlayır. Londonda keçirilən “Maqnitski Mükafatı” mərasimi, dekabrın 15-nə planlaşdırılan növbəti tədbir, Britaniya parlamentinin bəzi üzvləri ilə qurulan əlaqələr və Kərimlinin övladlarının xaricdəki siyasi təmasları bu prosesin müxtəlif istiqamətlərini ortaya qoyur.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, bu mənzərədə diqqət çəkən əsas məqamlardan biri isə Azərbaycana qarşı kampaniyalarda adı hallanan erməni diaspor təşkilatları ilə Rusiyada yaşayan erməni əsilli oliqarxlar Ruben Vardanyan və Samvel Karapetyanın əlaqələrinin gündəmə gəlməsidir. 

Məhz bu iki şəxsin adı ətrafında formalaşan maliyyə və lobbiçilik şəbəkəsi Əli Kərimlinin müdafiəsi məqsədilə aparılan beynəlxalq kampaniyanın arxa planının araşdırılmasını zəruri edir. Noyabrın 12-də Londonda keçirilən “Maqnitski Mükafatı” mərasimində Əli Kərimlinin “müstəsna müxalifət siyasətçisi” nominasiyası üzrə təltif olunması bu kampaniyanın ən diqqətçəkən hadisələrindən biri idi.

Mükafatı onun əvəzinə qızı Sezan Kərimli qəbul etdi, təqdimatı isə Lordlar Palatasının üzvü Baronessa Helena Kennedi həyata keçirdi. Sezan Kərimlinin mərasimdə Kennediyə atasının təltif edilməsinə verdiyi dəstəyə görə xüsusi təşəkkür etməsi də bu əlaqənin siyasi əhəmiyyətini göstərən detallardandır. Lakin burada söhbət yalnız bir mükafatın təqdim edilməsindən getmir. Baronessa Kennedinin son illərdə Qarabağ mövzusu ətrafında keçirilən müzakirələrdə iştirakı, erməni diasporunun nümayəndələri ilə təmasları və Azərbaycana qarşı iddiaların araşdırılması adı altında təşkil edilən proseslərdəki rolu onun fəaliyyətinin daha geniş kontekstdə nəzərdən keçirilməsini tələb edir. O, Qarabağda erməni mədəni irsinin məhv edilməsi iddiaları ilə bağlı Britaniyada aparılan araşdırma və dinləmələrdə iştirak edən əsas fiqurlardan biridir.

Həmin proseslərdə keçmiş separatçı qurumun nümayəndələri, erməni diaspor təşkilatlarının təmsilçiləri və Azərbaycana qarşı beynəlxalq kampaniyalarda adı hallanan şəxslər də iştirak ediblər. Bu çevrədə Luis Moreno Okampo ilə yanaşı, Böyük Britaniya Erməni Milli Komitəsinin (ANC-UK) rəhbərliyində təmsil olunan şəxslərin də adları çəkilir. Beləliklə, Əli Kərimlinin mükafatlandırılması ilə Qarabağ mövzusu ətrafında Azərbaycana qarşı fəaliyyət göstərən bəzi dairələrin təmas nöqtələrinin üst-üstə düşməsi diqqətdən yayınmamalıdır. Dekabrın 15-də Londonda keçirilməsi nəzərdə tutulan tədbir də bu əlaqələr müstəvisində diqqət çəkir.
 

Qeyd edək ki, Əli Kərimlinin övladları Türkel və Sezan Kərimlinin iştirakının planlaşdırıldığı tədbirə moderatorluq edəcək Tim Lautonun siyasi keçmişi də kifayət qədər maraqlıdır. O, 2020–2024-cü illərdə Britaniya parlamentində Ermənistan üzrə Bütün Partiyalar Qrupuna rəhbərlik edib, erməni maraqlarının müdafiəsi istiqamətində fəaliyyəti ilə seçilib və 2025-ci ildə Ermənistan parlamentinin fəxri medalı ilə təltif olunub. Lautonun müəllifi olduğu qanunvericilik təşəbbüsləri, Azərbaycan əleyhinə bəyanatları, Qarabağdakı hadisələrlə bağlı mövqeyi və erməni diasporu ilə əlaqələri onun Əli Kərimli ilə bağlı tədbirdə moderator kimi çıxış etməsini adi təşkilati seçimdən daha əhəmiyyətli edir.


Digər mühüm fiqur isə ANC-UK rəhbərliyində təmsil olunan Annette Moskofian və bu təşkilatın ətrafında fəaliyyət göstərən lobbi şəbəkəsidir. Bu qurumun fəaliyyəti Britaniya parlamentində Ermənistanla bağlı təşəbbüslərin təşviqi, Qarabağ mövzusunda dinləmələrin təşkili və Azərbaycana qarşı siyasi təzyiq çağırışlarının irəli sürülməsi ilə müşayiət olunur.

ABŞ-dakı Amerika Erməni Milli Komitəsi (ANCA) ilə koordinasiyalı fəaliyyət göstərən bu şəbəkənin müxtəlif ölkələrdəki siyasi dairələrlə əlaqələri də diqqətəlayiqdir. Əli Kərimlinin ailəsinin xaricdəki təmasları da həmin mənzərənin digər hissəsini təşkil edir. Onun oğlu Türkel Kərimlinin ABŞ senatoru Piter Velçlə görüşməsi, qızı Sezan Kərimlinin isə Britaniyada ermənipərəst mövqeyi ilə tanınan Benedikt Rocerslə əlaqə saxlaması bu baxımdan xüsusi qeyd edilməlidir. Piter Velçin ANCA ilə əlaqələri, Qarabağ məsələsində Azərbaycan əleyhinə çıxışları və ABŞ-nin Bakıya münasibətdə təzyiq siyasətini dəstəkləyən təşəbbüslərdə iştirakı məlumdur. Benedikt Rocersin isə Qarabağ münaqişəsi dövründə Azərbaycan əleyhinə mövqeyi və bölgəyə qanunsuz səfərləri ilə bağlı məlumatlar mövcuddur.

Beləliklə, Kərimli ailəsinin Londondan Vaşinqtona qədər uzanan təmaslarında erməni diasporunun siyasi şəbəkələri ilə kəsişən xətlər görünür. Lakin bu əlaqələrin ən mühüm tərəfi yalnız siyasi dəstək və lobbiçilik fəaliyyəti deyil, həmin şəbəkələrin maliyyə mənbələridir. Məhz burada Ruben Vardanyan və Samvel Karapetyanın adları ön plana çıxır. Hər iki şəxs erməni diasporu və Qarabağ mövzusu ətrafında fəaliyyət göstərən müxtəlif təşkilatların maliyyə imkanları ilə bağlı müzakirələrdə adı çəkilən oliqarxlardandır.

Xüsusilə Luis Moreno Okamponun iştirakı ilə aparılan anti-Azərbaycan kampaniyalarının maliyyələşdirilməsi barədə yayılan məlumatlarda Vardanyan və Karapetyanın adlarının çəkilməsi bu məsələnin əhəmiyyətini artırır. Bu məlumatlar onların Əli Kərimlinin müdafiəsi üçün keçirilən konkret tədbirləri birbaşa maliyyələşdirdiyini təsdiqləmir. Ancaq eyni maliyyə və lobbiçilik çevrələrinin Qarabağ mövzusunda Azərbaycana qarşı kampaniyalarda, digər tərəfdən isə Kərimlinin beynəlxalq səviyyədə müdafiəsinin təşviqində görünməsi ciddi araşdırma predmetidir. Vardanyanın Qarabağdakı fəaliyyəti və hazırda Azərbaycanda məhkəmə qarşısında cavab verməsi, Karapetyanın isə Ermənistanda siyasi proseslərə qoşularaq “Güclü Ermənistan” xətti ilə çıxış etməsi bu şəxslərin maraqlarının yalnız bizneslə məhdudlaşmadığını göstərir.
 

Xüsusilə Karapetyanın Qarabağ iddialarını siyasi gündəmdə saxlaması və Azərbaycanla Ermənistan arasında sülh prosesinə münasibəti regional proseslərə birbaşa təsir göstərən amillərdəndir. Vardanyanın ailəsinin də onun beynəlxalq səviyyədə müdafiəsi istiqamətində kampaniya aparması məlumdur. Bu baxımdan erməni diasporunun Azərbaycana qarşı siyasi təzyiq mexanizmləri ilə Vardanyanın müdafiəsi üçün qurulan beynəlxalq əlaqələrin kəsişməsi diqqət çəkir. Əli Kərimli ətrafında Londonda yaradılan siyasi gündəmin də həmin ümumi mənzərədən kənarda olmadığı görünür. Burada əsas məsələ müxtəlif şəxslərin eyni tədbirdə iştirak etməsi deyil, onların uzun müddət ərzində hansı siyasi mövqeləri müdafiə etməsi, hansı təşkilatlarla əməkdaşlıq qurması və hansı kampaniyalarda bir araya gəlməsidir.


Bir tərəfdə Qarabağ separatizminin təmsilçiləri ilə əlaqədə olan, Azərbaycanın ərazi bütövlüyünə dair mövqelərinə qarşı çıxan lobbiçilər, digər tərəfdə isə həmin dairələrin dəstəyi ilə Qərbdə siyasi gündəmə gətirilən Əli Kərimli və onun ailə üzvlərinin təmasları dayanır. Bu mənzərədə iki oliqarxın – Ruben Vardanyan və Samvel Karapetyanın adı ilə əlaqələndirilən maliyyə imkanları xüsusi araşdırılmalıdır. Çünki beynəlxalq lobbiçilik yalnız siyasi bəyanatlarla həyata keçirilmir. Onun arxasında təşkilati infrastruktur, əlaqələr, tədbirlərin təşkili, informasiya kampaniyaları və maliyyə resursları dayanır.

Əgər Azərbaycan əleyhinə fəaliyyət göstərən diaspor şəbəkələrinin maliyyə mənbələri ilə Əli Kərimlinin müdafiəsi üçün qurulan kampaniyaların təşkilatçıları arasında əlaqələr mövcuddursa, bu əlaqələrin bütün detalları ictimaiyyətə açıqlanmalıdır. Əli Kərimlinin siyasi müdafiəsinin hansı çevrələr tərəfindən təşkil edildiyi, onun ailəsinin xaricdəki təmaslarının hansı məqsədlərə xidmət etdiyi və Vardanyan-Karapetyan xəttinin bu prosesdə hansı rola malik olduğu aydınlaşdırılmalıdır. Çünki siyasi müxalifətin beynəlxalq platformalarda müdafiəsi özlüyündə qeyri-adi hal deyil. Lakin bu müdafiə kampaniyası Qarabağ məsələsində Azərbaycana qarşı mövqe sərgiləyən, separatçı dairələrlə əlaqələri olan və erməni diasporunun maraqlarını təmsil edən şəbəkələrlə kəsişəndə məsələ artıq fərqli məzmun alır. Əli Kərimlinin adı ətrafında Londonda qurulan kampaniyanın pərdəarxasında hansı maliyyə və siyasi maraqların dayandığına aydınlıq gətirilməsi də məhz buna görə vacibdir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO