Sağikən özünə qəbiristanlıqda məzar yeri almaq İslamda VARMI? 

Hazırda oxunan: Sağikən özünə qəbiristanlıqda məzar yeri almaq İslamda VARMI? 

187965

Azərbaycanda bəzi insanlar öncədən özləri üçün qəbir yeri alıb, qoruyurlar. Bunu ailə üzvlərinin yanında dəfn olunmaq istəkləri ilə izah edirlər. Hətta özlərinə həyatdaykən məzar daşı hazırladanlar da var.

Bəs İslam dini bunu necə qəbul edir?

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında dində belə bir göstərişin olmadığını bildirib:

“Bu, qadağan deyil, günah da sayılmır. Yəni Peyğəmbərin göstərişlərində rast gəlinmir, dinin tərkib hissəsi deyil. Düşünürəm ki, zərurət olduqda eləmək olar. İslam dinində ölən şəxsin yaxınlarının yanında dəfn olunması ənənəsi də mövcuddur. 

Peyğəmbərin övladları, nəslinin davamçıları da belə dəfn olunublar. Necə ki qohum-əqrəba yaxın münasibətdə olur, yaxın yerdə də dəfn olunurlar. Bu da göstəriş və vacib deyil. Sadəcə olaraq, ənənəyə uyğundur, Peyğəmbərin özü də qayınatalarının yanında dəfn olunub. 

Dörd imam bir yerdə dəfn edilib. Həzrət Əli İraqda, amma Peyğəmbər Mədinədə dəfn olunub. Yəni belə nümunələr də var, bir sözlə, vacib deyil. Amma ər-arvadın, ailə üzvlərinn bir yerdə dəfn olunması yaxınlarının ziyarəti məqsədilə yaranıb. 

Mən müəyyən məzarlıqlarda müşahidə aparmışam. Tutaq ki, həyat yoldaşı vəfat edir, ondan sonra onun yanındakı yer dərhal dolur. Həyat yoldaşı isə onun yanında dəfn olunmağını istəyir. Ona görə də hər hansı ailə üzvü dünyasını dəyişəndə onun yanında yer götürür. Bu prizmadan yanaşanda olar, burada qəbahət yoxdur”.

İlahiyyatçı bunun kütləvi hal almasının əleyhinədir:

“Məzarlıqların zəbt olunduğunu görürük, bu, ənənəvi şəkil alıb. Ən pisi də odur ki, buna nəzarət yoxdur. Yəni özbaşınalıqdır, məzara kamera qoyan kim, bahalı daş qoyan kim... Tənzimləmə mexanizmi yoxdur. 
Müxtəlif bələdiyyələr, icra nümayəndələri var ki, varlı adamlara yerləri satıb külli miqdarda pul götürürlər, kasıblar üçün də yer qalmadığı üçün onlar da əziyyət çəkir. Hesab edirəm ki, bəri başdan qəbir yeri götürmək düzgün deyil. Bunun qarşısı alınmalıdır, məsələyə nəzarət etməyən qurumlar və maarifçilik aparmayan din xadimləri günahkardırlar”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO