
- A-
- A
- A+
Türkiyə bu şəxslərə 3 illik yaşayış icazəsi verəcək
Noyabrın 18-də Türkiyənin “Resmî Gazete”sində dərc olunaraq qüvvəyə minən Prezident qərarı ilə ölkədə investisiya yatıran əcnəbilərə veriləcək yaşayış icazələrinin müddəti və şərtləri yenidən müəyyənləşdirilib.
Bizim.Media “NTV Haber” nəşrinə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Türkiyəyə ən azı 150 min ABŞ dolları (və ya ekvivalent məbləğdə xarici valyuta) investisiya yatıran əcnəbilərə 3 illik, ən azı 200 min dollar investisiya yatıranlara isə 5 illik yaşayış icazəsi verilə biləcək.
Qaydalara bank depozitləri, dövlət borc qiymətli kağızları, daşınmaz əmlak investisiya fondlarının və vençur kapitalı investisiya fondlarının payları, eləcə də müəyyən edilmiş fərdi pensiya planları daxildir.
Yeni tələblərə görə, investisiya yaşayış icazəsinin qüvvədə olduğu müddətin ən azı yarısı ərzində müvafiq hesabda, fondda və ya sistemdə saxlanılmalıdır. Bu, 3 illik icazə üçün ən azı 1,5 il, 5 illik icazə üçün isə ən azı 2,5 il deməkdir.
İmkan investorun əcnəbi həyat yoldaşına, həmçinin onun və ya həyat yoldaşının yetkinlik yaşına çatmamış və ya himayəsində olan əcnəbi uşaqlarına da şamil ediləcək.
Bununla belə, yeni qərar əsasında alınan yaşayış icazələri Türkiyə Vətəndaşlığı haqqında Qanunun müstəsna vətəndaşlıq əldə etmə müddəası çərçivəsində qiymətləndirilməyəcək və birbaşa vətəndaşlıq hüququ verməyəcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































