
- A-
- A
- A+
Dərman qiymətləri ilə bağlı yenilik
Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi maksimal qiymətdən daha aşağı qiymətə satılması zamanı vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsi təklif edilir.
Bizim.Media xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanunun 15 avqust 2023-cü ilədək qüvvədə olan əvvəlki redaksiyasına görə, dövlət qeydiyyatına alınmış dərmanların tənzimlənməmiş və ya müəyyən edilmiş qiymətlərdən baha satılması qadağan idi. Həmin tarixdən qüvvəyə minən dəyişikliklər nəticəsində dərman vasitələri üçün qiymətlərin yuxarı həddinin müəyyənləşdirilməsi nəzərdə tutulub.
Tarif (Qiymət) Şurasının 15 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənən topdan və pərakəndə satış qiymətləri də maksimal hədd kimi müəyyən edilib. Bununla da dərman vasitələrinin həmin qiymətlərdən daha ucuz satılmasına şərait yaradılıb.
Hazırda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, qiymətləri Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən malların təqdim edilməsi və alınması zamanı vergitutma məqsədilə bazar qiyməti tətbiq edilərkən Şuranın müəyyən etdiyi qiymətlər əsas götürülür.
Yeni təklifə əsasən, dərman vasitələri Şuranın müəyyən etdiyi yuxarı qiymət həddindən aşağı satıldıqda bazar qiymətinin hesablanması zamanı Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları da nəzərə alınacaq. Bu səbəbdən Məcəllənin 14.10-cu maddəsinə müvafiq dəyişiklik edilməsi təklif olunur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































