
- A-
- A
- A+
Bizim.Media yazdı – Seriallara çəkilmək vədi ilə pul yığan “Devin Medya” “Amay”-dan çıxarıldı
Bir müddət əvvəl Bizim.Media-da “Devin Medya” şirkətinin fəaliyyəti ilə bağlı çoxsaylı vətəndaş şikayətlərini ictimailəşdirmişdik. Türk seriallarında və yerli layihələrdə çəkilmək vədi ilə vətəndaşları cəlb etməkdə ittiham olunan şirkətdən narazı olan onlarla valideyn və vətəndaş maddi ziyana uğradıqlarını, ödədikləri vəsaiti geri ala bilmədiklərini bildirmişdilər.
Məsələ saytımızda ictimailəşdirildikdən sonra problemin həlli istiqamətində müsbət nəticə əldə olunub. Belə ki, şikayətçilərin Bizim.Media-ya göndərdikləri müraciətdə qeyd olunur ki, “Amay” Ticarət Mərkəzinin rəhbərliyi onlarla əlaqə saxlayaraq “Devin Medya”nın direktorunun və kollektivinin ticarət mərkəzinin ərazisindən çıxarıldığını bildirib.
Vətəndaşlar məlumatı dəqiqləşdirmək üçün şəxsən mərkəzə yollandıqlarını və şirkətin ofisinin boşaldıldığını gördüklərini deyirlər. Onlar həmin anları videoya çəkərək redaksiyamıza təqdim ediblər.
Şikayətçilər məsələni ictimailəşdirdiyinə görə Bizim.Media-ya təşəkkür edərək bu addımın şirkətdən narazı olan çoxsaylı vətəndaşlar, xüsusilə valideynlər üçün sevindirici xəbər olduğunu vurğulayıblar.
Qeyd edək ki, əvvəlki araşdırmamızda vətəndaşların müraciətləri əsasında “Devin Medya” ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə cinayət işinin başlandığı, hazırda zəruri istintaq hərəkətlərinin davam etdirildiyi barədə məlumat vermişdik.
Xatırladaq ki, şirkət rəhbərliyi əvvəlki açıqlamasında səsləndirilən ittihamları rədd etmiş, şikayətlərin keçmiş hüquqşünas tərəfindən təşkil olunduğunu iddia etmişdi.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































