
- A-
- A
- A+
Rus məktəblərinə ayrılan milyonlar – Postsovet ölkələri niyə bu dildən qopa bilmir?
Azərbaycanda rus dilində təhsil məsələsi yenidən gündəmə gəlib. Parlamentin büdcə müzakirəsində deputat Hikmət Babaoğlunun rus məktəblərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsinə etiraz etməsi bu mövzuda yeni müzakirələrə yol açıb. Çünki rus dili Azərbaycanda sadəcə tədris forması deyil, uzun illərdən bəri sosial bir təbəqə formalaşdırdığı üçün bu dil və onun ardınca gedən kəsimin daim həssas nöqtəsi olub.
Digər tərəfdən rus dilində tədrisə qıcıq olan əhalinin də çoxluğunu nəzərə alsaq, bu dilin təhsil sistemindəki yeri və rus bölmələrinin dövlət vəsaiti hesabına saxlanılması cəmiyyətdə birmənalı qarşılanmır. Mövzu hər dəfə gündəmə gələndə müzakirələr emosional qarşıdurmaya çevrilir.
Ümumiyyətlə dövlət büdcəsindən rus məktəbləri və bölmələrinin saxlanılmasına nə qədər vəsait ayrılır? SSRİ-nin tərkibindən 35 ildir çıxmış bir ölkə üçün rus dilində tədris nə verir, mənəvi dəyəri nədən ibarətdir?
Bu suallara emosiyalarla deyil, rəqəmlər və gerçəklik çərçivəsində cavab versək, öncə onu qeyd etməliyik ki, Azərbaycanın “Ümumi təhsil haqqında” Qanununun 6-cı maddəsinə əsasən tədrisin əsas dili Azərbaycan dilidir. Vətəndaşların istəyinə uyğun olaraq, digər dillərdə də təhsil verilə bilər.
Həmin qanunun 5.4-cü maddəsi isə dövlət təhsil müəssisələrində şagirdlərin pulsuz ümumi təhsil hüququnu təsbit edir. Beləliklə, rus dilində təhsil qanunsuz fəaliyyət deyil və mövcud qanunvericilik bu təhsil formasına imkan verir. Deməli, rus bölmələrinin dövlət hesabına maliyyələşdirilməsinin dayandırılması sadəcə büdcə qənaəti deyil, həm də sosial nəticələri olan məsələdir. Rus dili Azərbaycanda digər xarici dillərlə eyni sosial-tarixi mövqedə deyil.
Azərbaycanda hazırda rus dili tədrisi nə yerdədir, illik büdcəsi nə qədərdir?
Qeyd edək ki, Azərbaycanda 17 tam rusdilli məktəb var. Təxminən 340 məktəbdə rus bölməsi fəaliyyət göstərir. 2025-ci il dövlət büdcəsində təhsil sektoruna 4,94 milyard manat ayrılıb. Bunun təxminən 400 milyonu rus dilində tədrisin payına düşür.
Digər postsovet ölkələrinin əksəriyyətində də rus bölmələri qalır. Bu ölkələrin içərisində lider Qazaxıstandır – 1 milyondan artıq uşaq rus dilində təhsil alır. İkinci Belarusdur - 991 300 min yerlik şagird rus dilində oxuyur. Üçüncü yerdə Özbəkistan (708 700) qərarlaşır. Sonra Qırğızıstan (604 200), eləcə də Moldova (63 500), Qazaxıstan, Tacikistanda (122 200) da rus dilində təhsil mövcuddur və sadalanan bütün ölkələrdə dövlət tərəfindən maliyyələşdirilir.
Rusdilli təhsil ən az Ermənistandadır – 7200 yer.
Bundan başqa Gürcüstan, Latviya, Litvada rus dilində təhsil məhdudlaşdırılıb. Estoniya 2030-cu ildən tamamilə ləğvini nəzərdə tutur, Ukraynada isə hazırda rus dilində təhsil verilmir.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































