
- A-
- A
- A+
Putinin tərcüməçisi Sadıkovun jesti diplomatik görüşü kölgədə qoydu – Video
Rusiya Prezidenti Vladimir Putinin amerikalı rəsmilər - Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə görüşündə onun tərcüməçisi Aleksey Sadıkov diqqətçəkən çıxış nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, Putinin sözlərini ingilis dilinə tərcümə edərkən onun tonunu, mimikasını və jestlərini də təqlid edən tərcüməçinin görüntüləri sosial şəbəkələrdə diqqət çəkib. Diqqəti cəlb edən məqam Sadıkovun təkcə sözləri deyil, həm də Rusiya liderinin danışıq tərzini əks etdirməsi olub.
Görüntüləri paylaşan istifadəçilər Sadıkovun tərcüməsinin adi tərcüməçi fəaliyyətindən fərqləndiyini qeyd ediblər. Bəzi istifadəçilər bildiriblər ki, tərcüməçi qarşı tərəfə təkcə Putinin dediklərini deyil, həm də onun nitqinin yaratdığı təsiri çatdırıb.
Hindistanın “The Economic Times” və “Firstpost” nəşrləri də noyabrın 16-17-də dərc etdikləri xəbərlərdə Sadıkovun səs tonu, bədən dili və mimikası ilə Putinin danışıq tərzini əks etdirməsinə diqqət yetiriblər.
Putin və ABŞ nümayəndələri arasında görüşlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik təmaslar çərçivəsində keçirilib. Lakin görüşün siyasi məzmunundan asılı olmayaraq, tərcüməçinin danışıq tərzi də diqqəti cəlb edib.
Sadıkovun çıxışı diplomatik danışıqlar zamanı tərcüməçilərin qarşı tərəfə yalnız danışanın sözlərini deyil, həm də vurğularını və ifadə tərzini necə çatdırması ilə bağlı müzakirələrə səbəb olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































