
- A-
- A
- A+
Qonşusunu öldürən şəxs: “Arvadımla münasibətlərindən şübhələnirdim...”
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Xaliq Məmmədrzayevin cinayət işinin bəzi detalları məlum olub.
Bizim.Media xəbər verir ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Tamerlan Sadıqovun 2025-c il martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq tərəfindən icra olunan çoxsaylı istintaq hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual hərəkətlər nəticəsində Tamerlan Sadıqovun həmkəndlisi, 1988-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən olunub.
Tamerlan Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb və aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
İttihama görə, hadisə 2025-ci ildə gecə saat 01 radələrində Qazax rayonunun Aşağı Salahlı kəndində baş verib.
Belə ki, Xaliq Məmmədrzayev yaşadığı evin giriş darvazasının qarşısında saxladığı, özünə məxsus albalı rəngli “QAZ-32210” markalı mikroavtobusun qapısının açılıb-bağlanması səsini eşidib. Bundan sonra evdən çıxaraq avtomobilə yaxınlaşıb və arxa qapını açıb. Bu zaman mikroavtobusun arxa sərnişin oturacağında qonşusu Tamerlan Sadıqovun əyləşdiyini görüb. Onların arasında yaranan söhbət zamanı Tamerlan Sadıqovun həm ona, həm də həyat yoldaşına qarşı nalayiq ifadələr işlətməsi Xaliq Məmmədrzayevi hiddətləndirib.
Bundan başqa, təqsirləndirilən şəxs qonşusunun evinə gəlməsini həyat yoldaşı ilə aralarında münasibət olması ehtimalı ilə əlaqələndirib. O, bu səbəbdən qısqanclıq zəminində Tamerlan Sadıqovdan qisas almaq və onu öldürmək qərarına gəlib.
Məlumata görə, Xaliq cinayət niyyətini həyata keçirmək üçün yaşadığı evin yataq otağından ov tüfəngini və həmin silaha uyğun bir neçə patronu götürüb. Ardınca mikroavtobusun yanına qayıdan təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq arxa sərnişin oturacağında əyləşmiş Tamerlana tüfəngdən baş nahiyəsinə doğru üç dəfə ardıcıl atəş açıb. Nəticədə Tamerlan Sadıqovun kəllə sümüyündə çoxsaylı, o cümlədən qəlpəli və xətti sınıqlarla müşayiət olunan ağır xəsarətlər yaranıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aşkar edilmiş xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyıb və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəsinin olması ehtimal edilib.
Beləliklə, Xaliq Məmmədrzayev qonşusu Tamerlan Sadıqovu qəsdən öldürməkdə ittiham olunub.
Məhkəmədə ifadə verən Xaliq Məmmədrzayev elan olunmuş ittihamla özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilib. O, ifadəsində hadisədən əvvəl həyat yoldaşı ilə Tamerlan Sadıqov arasında münasibətlərin olması barədə şübhələrinin yarandığını bildirib. Hətta bu səbəbdən arvadından boşanmaq tələbi ilə məhkəməyə müraciət etdiyini də qeyd edib.
Xaliq Məmmədrzayevin sözlərinə görə, hadisə günü yaşadığı evdə çobanı ilə söhbət edərkən kənardan qapının döyülməsinə bənzər səs eşidib və həyətə çıxıb. Bu zaman həyət darvazasının kilid hissəsinin zədələndiyini və əyildiyini görüb.
Həyətə daxil olduqda Tamerlan Sadıqovu özünə məxsus “Qazel” markalı avtomobildə əyləşmiş vəziyyətdə görüb. Onun sözlərinə görə, söhbət zamanı Tamerlan Sadıqov həyat yoldaşı ilə münasibətdə olduğunu etiraf edib və bu barədə bilərəkdən, təhrikedici şəkildə danışaraq onu təhqir edib.
Təqsirləndirilən şəxs bildirib ki, mərhumun bu sözləri onda güclü psixi həyəcan və qəzəb yaradıb. Xaliq Tamerlana gözləməsini, geri qayıdacağını deyib. Lakin qonşusunun cavabında yenidən təhqiramiz ifadələr işlətməsi mübahisəni daha da kəskinləşdirib.
Xaliq Məmmədrzayev ifadəsinin davamında evdə saxladığı odlu silahı götürərək avtomobilin yanına qayıtdığını və Tamerlan Sadıqova atəş açdığını etiraf edib.
Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərib ki, hadisədən təxminən 5-6 ay əvvəl həyat yoldaşının mobil telefonunda Tamerlan Sadıqovun mobil nömrəsini aşkar etdikdən sonra onda xəyanət barədə şübhələr yaranıb: “Evdə arvadım, bacım və çobanın olmasına baxmayaraq, havanın yağışlı olması, eləcə də tüfəngin lüləsini maşının daxilinə doğru tutduğum üçün atəş səsini heç kim eşitmədi və səsə gələn olmadı”.
O, mərhumu vurduqdan sonra avtomobildən qapıya doğru sürdüyünü, təkbaşına (heç kimin köməyi olmadan) həyətdəki 4 metr dərinliyi olan quyuya ataraq basdırdığını deyib. “Cəsəddən qoxu gəlməməsi üçün üzərinə qoyun yunu və üyüdülmüş ot tökdüm. Cinayət izlərini itirmək məqsədilə tüfəngi təmizlədim, maşının içərisini yudum və üzərində qan izləri olan gödəkcəmi atdım. Yerdəki qan izləri isə güclü yağış səbəbindən silindi”.
Xaliq Tamerlanı quyuya atdıqdan sonra evdəkilərə hadisə barədə məlumat verdiyini və onların isə hər hansı reaksiya vermədiyini bildirib: “Hadisənin üstü təxminən 5 ay gizli qaldı. Bu müddət ərzində Tamerlanın harada olması barədə sorğulara heç nə bilmədiyim şəklində cavab verdim. Cinayətin üstünün açılmasından qorxduğum üçün əvvəlcədən məhkəməyə boşanma ərizəsi verməyimə baxmayaraq, həyat yoldaşımla 5 ay eyni evdə yaşamağa davam etdim. Aramızda mübahisə yaranan zaman həyat yoldaşım arabir məni hadisə barədə polisə xəbər verəcəyi ilə hədələyirdi. Həmçinin əvvəllər zərərçəkmişlə marketin qarşısında danışarkən obyekin təhlükəsizlik kamerasına düşdüyü üçün də qorxu içində olurdum. Sonradan mən şəhərdə olan zaman çobanımın polis şöbəsinə aparıldığını və onun hadisə barədə bildiyi bütün faktları hüquq-mühafizə orqanlarına danışdığını öyrəndim. Bunun ardınca, mən çobanımın ifadəsini təsdiq edərək törətdiyim cinayət əməlini könüllü şəkildə etiraf etdim”.
Məhkəmə iclasında şahid qismində dindirilmiş Xaliqin həyat yoldaşı ifadəsində deyib ki, təqsirləndirilən şəxs ilə 2020-ci ildə boşanma prosesləri olub, lakin 2021-ci ildə oğlan övladları dünyaya gəldikdən sonra aralarında barışıq əldə edilib: “Rəsmi boşanma tam başa çatmadığından münasibətlərimiz bərpa olundu. Daha sonra - 2023-cü ildə daha iki qız övladı dünyaya gəldi və Xaliqlə münasibətlərimiz normallaşdı”.
Qadın bildirib ki, onun Tamerlanla heç bir münasibəti olmayıb, Xaliq ondan şübhələnib: “Sonradan şübhələri getdi”.
O qeyd edib ki, mart ayının 20-dən 21-nə keçən gecə Xaliq evdə olan ov tüfəngini götürərək Tamerlan Sadıqovu vurub: “Daha sonra isə məni və bacısını yuxudan oyadaraq Tamerlanı öldürdüyünü bildirdi”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xaliq Məmmədrzayev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































