
- A-
- A
- A+
Hakim oyuna sərxoş çıxdı - Futbolda görünməmiş qalmaqal - Video
Asiya Çempionlar Liqasında BƏƏ təmsilçisi “Əl-Cəzirə” ilə İranın “Qol Gohar” klubu arasında keçirilən görüş hakim qalmaqalı ilə yadda qalıb. Baş hakim Hana Xattabın sərxoş olduğu iddiaları gündəmə gəlib və o, matçın fasiləsində əvəzlənib.
Bizim.Media xəbər verir ki, hadisəyə qarşılaşmanın 32-ci dəqiqəsində baş verən mübahisəli epizod səbəb olub.
Meydanın mərkəzində “Qol Gohar”ın futbolçusu Əli Əsgər Aşuriyə qarşı qayda pozuntusundan sonra suriyalı hakim qərar verməkdə tərəddüd edib. Daha sonra isə pozuntunu edən futbolçu əvəzinə “Əl-Cəzirə”nin türkiyəli qapıçısı Ersin Destanoğlunu yanına çağıraraq ona sarı vərəqə göstərib.
Hakimin qərarları və davranışlarından narazı qalan İran klubunun məşqçiləri onun sərxoş olduğunu iddia edərək, hakim dəyişdirilmədiyi halda komandanın meydanı tərk edəcəyini bildiriblər.
“Qol Gohar”ın baş məşqçisi Heydər Əfsari matçdan sonra açıqlamasında yaşananların hər iki tərəf üçün gözlənilməz olduğunu vurğulayıb:
“Hakim normal vəziyyətdə deyildi. Hətta “Əl-Cəzirə”nin futbolçuları da bizə eyni şeyi dedilər. Rəqibin 77 nömrəli oyunçusu ikinci qayda pozuntusundan sonra qırmızı vərəqə almalı idi, lakin hakim vərəqəni qapıçının adına yazdı”.
Hakimin sərxoş olması ilə bağlı iddialar rəsmi şəkildə təsdiqlənməsə də, Asiya Futbol Konfederasiyası (AFK) “Qol Gohar”ın etirazından sonra baş hakimi fasilədə dəyişib.
Qeyd edək ki, görüş “Əl-Cəzirə”nin braziliyalı futbolçusu Anderson Taliska tərəfindən vurulan yeganə qolla BƏƏ klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































