
- A-
- A
- A+
Doğuşunu “zerkalnı” tarixə salmaq istəyən qadınlara xəbərdarlıq – Cəriməsi var
Günümüzdə təbii doğuş az qala tarixə qovuşub. İndi ana olmağa hazırlaşan qadınlar qeysəriyyə əməliyyatını daha təhlükəsiz, daha rahat və ağrısız hesab etdiyi üçün ona üstünlük verirlər. Üstəlik bu seçimin arxasında çox vaxt tibbi zərurət dayanmır. Bəzən də təbii doğuşla bağlı istər gerçək həyatda, istər filmlərdə o qədər şişirdilmiş məlumatlar, görüntülər təqdim olunur ki, bu da ananın cəsarətini qırır.
Mövzu ilə əlaqədar Bizim.Media-ya danışan mama-ginekoloq Sevinc Baxşıyeva deyir ki, bəzi qadınlarda əvvəlki doğuşdan yaranmış travma və ya yaxın adamının mənfi təcrübəsi də qərarına təsir edir:
Son qərarı ana verməlidir, yoxsa həkim?
“Əvvəlki doğuş zamanı yaşanan çətinliklər, tibbi müdaxilələr və ya travmatik hadisələr qadında yenidən təbii doğuş qorxusu yarada bilər. Digər tərəfdən də körpənin sağlamlığı ilə bağlı narahatlıq da olur. Bəzi qadınlar qeysəriyyənin körpə üçün daha təhlükəsiz olduğunu düşünürlər. Bütün bunlar başadüşüləndir. Bəzi qadınlar isə doğuş vaxtını əvvəlcədən planlaşdırmaq niyyəti ilə qeysəriyyəni seçirlər, doğum tarixini xüsusi günə, məsələn “zerkalnı” tarixə salmaq istəyirlər. Sosial şəbəkələrin də burada təsiri az deyil”.
Amma əksər qadınlarda doğuş qorxusu panik atakla müşayiət olunan təşviş yaradır. Tibbdə tokofobiya adlanan, doğuşa qarşı güclü və bəzən idarəolunmaz qorxu mövcuddur. Azərbaycan Səhiyyə Nazirliyinin 2022-ci ildə təsdiqlədiyi klinik protokolda tokofobiya da qeysəriyyə əməliyyatına göstərişlər sırasında qeyd edilir.
Qeysəriyyə daha təhlükəsizdir, yoxsa təbii doğuş?
Həkim deyir ki, bu sualın cavabı qadına görə dəyişir. Çünki hamiləliyin gedişindən, ananın sağlamlıq vəziyyətindən və yaşından da çox şey asılıdır.
“Əlbəttə ki 35 yaş üstü analara 90 faiz hallarda qeysəriyyə məsləhət görürük. Daha gənc analarda qeysəriyyə əməliyyatı uşağın həyatı riskdə olarsa, məsələn, dölün kəskin oksigen çatışmazlığı, güclü qanaxma və bəzi digər ağırlaşmalar təcili əməliyyat tələb edə bilər.
Ümumilikdə götürəndə isə qeysəriyyə adi doğuşdan risksiz deyil. İnfeksiya, qanaxma, tromb yaranması, anesteziya ilə bağlı fəsadlar və daha uzun bərpa müddəti kimi riskləri var. İstənilən halda doğuş üsulu qorxuya, dəbə, sosial şəbəkələrdəki paylaşımlara və ya rahatlıq istəyinə əsasən deyil, tibbi məlumatlara və fərdi vəziyyətə uyğun seçilməlidir”.
Məlumat üçün bildirək ki, Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların payı son illərdə əhəmiyyətli dərəcədə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə hər 100 doğuşdan 40-ı qeysəriyyə əməliyyatı ilə həyata keçirildiyi halda, 2024-cü ildə bu göstərici 69,2-yə yüksəlib.
Belə ki, 2021-ci ildə 110 min 740 doğuş qeydə alınıb, 46 min 684 qeysəriyyə əməliyyatı aparılıb. Göstərici hər 100 doğuşa 42,2 əməliyyat təşkil edib.
2022-ci ildə 121 min 11 doğuşun 44 faizi, 2023-cü ildə isə 111 min 751 doğuşun 59,6 faizi qeysəriyyə əməliyyatı ilə baş tutub.
2023-cü ildə Azərbaycanda 111 751 doğuş qeydə alınıb. Onlardan 66 584-ü qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Bu, bütün doğuşların təxminən 59,6 faizi deməkdir.
2024-cü ildə ölkə üzrə qeydə alınan 101 min 66 doğuşun 69 min 913-ü qeysəriyyə əməliyyatı ilə baş tutub. 2023-cü ildə isə 66 min 584 belə əməliyyat aparılıb.
2025-ci ilin dekabrında TƏBİB-in açıqladığı məlumatda isə tabeliyindəki tibb müəssisələrində 53 min 359 doğuşun qeydə alındığı, bunlardan 26 min 89-nun qeysəriyyə əməliyyatı ilə həyata keçirildiyi bildirilib. Bu müəssisələr üzrə qeysəriyyə doğuşlarının payı 49 faiz təşkil edib.
Ümumdünya Səhiyyə Təşkilatı ölkələr üçün konkret qeysəriyyə faizi müəyyən etməsə də, tibbi zərurət olmadan bu əməliyyatın aparılmasının ana və körpə üçün əlavə risklər yarada biləcəyinə diqqət çəkir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 163-cü maddəsi tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manatadək, hüquqi şəxslər 10 min manatdan 15 min manatadək cərimə edilir.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































