
- A-
- A
- A+
Nə virusdur, nə də allergiya – Son zamanlar kütləvi asqırmaların səbəbi nədir?
Son dövrlər əhali arasında ardıcıl asqırma, burunda qıcıqlanma və tənəffüs yollarında narahatlıq halları geniş müşahidə olunur. Hətta əvvəllər heç bir allergik şikayəti olmayan insanlar belə 5-6 dəfə, bəzən daha çox ardıcıl asqırır və gün ərzində bu hal bir neçə dəfə təkrarlanır.
Müşahidə olunan hallar mövsümi allergiyanın nəticəsidir, yoxsa havanın tərkibindəki kimyəvi dəyişikliklərlə əlaqəlidir?
Mövzuyla əlaqədar ekoloq Teyyub Həsənli Bizim.Media-ya bildirdi ki, havada baş verən dəyişikliklər kütləvi asqırmanın əsas səbəblərindən biri ola bilər. Xüsusilə atmosferdəki toz hissəcikləri, tullantı qazlarının çoxalması ilə burunun selikli qişasını qıcıqlandırması, asqırma və burun axıntısı mümkündür.
“Həmçinin, temperatur və rütubət dəyişiklikləri, xüsusilə soyuq və isti havanın növbələşməsi, yəni kəskin temperatur keçidləri qeyri-allergik rinit yarada bilər. İndiyədək şikayəti olmayan insanlarda rast gəlinən həmin bu qeyri-allergik səbəblərdir. Kimyəvi dəyişikliklər, şəhər mühitinin xaosunda uzun müddət yaşayanlar, eləcə də yaşla əlaqədar burunun daxili qoruma təbəqəsi nazikləşir, aşınır. Ona görə də sonralar hər hansı hava dəyişikliyi qıcıqlanmaya səbəb olur”.
Ekoloq öz şəxsi müşahidələrində də asqıran insanların çoxaldığını müşahidə etdiyini deyir:
“İctimai nəqliyyatda özüm də görmüşəm, hamı asqırır, düşünürsən ki xəstədir, amma az müddət sonra hər şeyin qaydasında olduğunu görürsən. Uçucu üzvi birləşmələr, rütubətli hava, yağıntıların artmasından sonra torpaq səthindən qoxuların atmosferə qalması xroniki asqırma yarada bilər”.
Otolorinqoloq Sevinc Heydərova isə deyir ki, ardıcıl asqırma təkbaşına havanın kimyəvi çirklənməsi ilə əlaqədar olmaya bilər:
“Təbii ki, eyni vaxtda çox insanda müşahidə olunan asqırma ortaq ətraf mühitin çirklənməsinə dəlalət edir. Lakin bəzən geniş yayılan respirator viruslar uzun müddət davam edən burun simptomları ilə müşayiət olunur. Soyuq və yağıntılı havalarda isə bu hal həftələrlə davam edir.
Burun selikli qişasının hiperaktivliyi də oxşar problemlər yaradır. Ona görə də küçəyə çıxarkən ən yaxşı halda tibbi maskalardan istifadə etməkdir. Əgər ev şəraitində də davam edirsə, evin havası tez-tez dəyişilməlidir ki, burnu qıcıqlandıran havanın təkibi təmizlənsin. Ehtiyac yarandıqla xüsusi məhlulla burun daxildən yuyulmalıdır”.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































