Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələ şəhərindən start veriləcək.
Bizim.Media xəbər verir ki, yarışda 5 ölkədən 100 atlet iştirak edəcək.
Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.
Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (55 kilometr), Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr) və Ağdam–Xankəndi (28 kilometr). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.




Bizim.Media



























































































