
- A-
- A
- A+
Azərbaycan xaricdə sübutların toplanması ilə bağlı Haaqa Konvensiyasına qoşulur
Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsində əksini tapıb.
"Mülki və ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında" Konvensiya 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmışdır, 42 maddədən ibarətdir və qeyd olunan münasibətlərlə bağlı sorğu məktublarının göndərilməsi və onların icrasının asanlaşdırılması, mülki və ya ticarət işləri üzrə əməkdaşlıq sahəsində razılığa gələn tərəflər arasında əməkdaşlığın tənzimlənməsi sahəsində mühüm beynəlxalq aktlardandır.
Konvensiyanın müddəalarına əsasən, razılığa gələn dövlətin məhkəmə orqanı sübutların əldə edilməsi və ya hər hansı digər məhkəmə hərəkətinin yerinə yetirilməsi üçün digər dövlətin səlahiyyətli orqanına sorğu məktubu vasitəsilə müraciət edə bilər.
Konvensiyanın digər maddələri sorğu məktublarının qəbulu, onların icra etməyə səlahiyyətli olan orqana göndərilməsi, bunun üçün mərkəzi orqanın təyin edilməsi, sorğu məktubunda göstərilməli olan zəruri məqamlar, sorğu məktubunun yazıldığı dil, sorğu məktubuna etirazlar, icra etmək səlahiyyətinə malik orqana yönləndirilmə, müvafiq nümayəndələrin məhkəmə icraatında iştirakı, diplomatik xidmət əməkdaşlarının sübutların toplanmasında iştirakı və digər zəruri prosedurların icrası və s. məsələləri tənzimləyir.
Konvensiya həmçinin əməkdaşlıqdan irəli gələn digər zəruri məsələlərə dair ümumi müddəaları, imzalanma və ratifikasiyaya dair prosedurları, habelə verilmiş bəyanatların geri götürülməsinə dair qaydaları müəyyən edir.
Azərbaycan Respublikasının Konvensiyaya dair bəyanat və qeyd-şərtlərinin mətni Konvensiyanın təsdiqini nəzərdə tutan layihəyə əlavə olunub.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































