
- A-
- A
- A+
Baş nazirin iqamətgahında “TikTok” çəkdi, müsahibə aldı - Müxalifət ayağa qalxdı - Video
Böyük Britaniyada bahalaşma və iqtisadi böhran müzakirələrinin davam etdiyi bir vaxtda Baş nazirin iqamətgahından yayılan “TikTok” videosu ölkədə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, məşhur sosial şəbəkə fenomeni Lyuk Hemnettin Baş nazir Endi Börnhəmin dəvəti ilə Dauninq-stritdə (10 nömrə) çəkdiyi rəqs videosu hakimiyyətə qarşı tənqidlərə yol açıb.
“TikTok”da təxminən 1,3 milyon izləyicisi olan Lyuk Hemnett 2003-cü ildə çəkilmiş “Love Actually” filmində Hyu Qrantın canlandırdığı Britaniya baş nazirinin məşhur rəqs səhnəsini təkrarlayıb.
Fenomen Baş nazirin iqamətgahına özünün “Live, Laugh, Luke” podkastı üçün müsahibə almağa dəvət olunub. Lakin səfər zamanı çəkdiyi rəqs videosunun yayılması Endi Börnhəmin sosial media fenomenlərinə yaratdığı şərait ətrafında mübahisələrə səbəb olub.
Mühafizəkarlar Partiyasının lideri Kemi Beydenok baş nazirin sosial media fenomenlərinə iqamətgahın qapılarını açmasını tənqid edib.
Beydenok ölkədə iqtisadi problemlərin və beynəlxalq gərginliyin hökm sürdüyü bir vaxtda belə görüntülərin məsuliyyətsizlik olduğunu bildirib:
“Xalqla yaxın olmaq insanlara əyləndirilməyə ehtiyacı olan uşaqlar kimi yanaşmaq demək deyil”.
Reform Partiyasının sədri Li Anderson da baş naziri tənqid edərək, ölkədə insanların əsas gündəminin dolanışıq və kommunal ödənişlər olduğu bir vaxtda rəqs videolarına vaxt ayrılmasını yolverilməz hesab edib.
“Baş nazirin iqamətgahı TikTok sirkinə çevrilib”.
“Sun” qəzetinin siyasi redaktoru Cek Elsom da Dauninq-stritin sosial media fenomenlərinin istifadəsinə verilməsini tənqid edib. O, jurnalistlərin baş nazirə çətin suallar ünvanlaması əvəzinə daha yumşaq müsahibələrə üstünlük verildiyini bildirib və iqamətgahın “TikTok sirkinə çevrildiyini” yazıb.
Nəşr qeyd edir ki, Börnhəmin dörd aylıq baş nazirlik fəaliyyəti ərzində cəmi iki rəsmi mətbuat konfransı keçirilib. Böyük Britaniya ilə Avropa İttifaqı arasında keçirilən sammitdə isə jurnalistlərə cəmi iki sual vermək imkanı yaradılıb.
Vergi Ödəyiciləri Assosiasiyası da dövlət vəsaiti hesabına təşkil edilən influenser tədbirlərinin xərclərinin açıqlanmasını tələb edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































