
- A-
- A
- A+
Siyavuş Novruzov: “Babası lütün biri olub, sərvəti onun adına yazdırırlar”
Korrupsiyaya qarşı mübarizə çərçivəsində məsuliyyətə cəlb olunan bəzi məmurların qanunsuz yollarla əldə etdikləri vəsaitləri ailə üzvlərinin, qohumlarının və yaxınlarının adına rəsmiləşdirməsi hallarına rast gəlirik.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, belə şəxslər bəzən öz adlarına heç bir əmlakın olmadığını, hətta kirayədə yaşadıqlarını iddia edir, sərvətlərinin isə babalarından miras qaldığını bildirirlər:
“Əslində yoxlasan, babası lütün biri olub. İndi bunun adına gətirib hər hansı bir ad yazdırır. Mən hesab edirəm ki, bəyannamə bunların hamısını açıq şəkildə göstərəcək”.
S.Novruzov qeyd edib ki, qanun layihəsi eyni zamanda ədalətsiz sahibkarlığın qarşısını almağa xidmət edəcək:
"Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan həmin insanlar oğurladıqları pulları ticarət, tikinti, fermerlik və digər sahələrə yatırmaqla kiçik və orta sahibkarlığın belini qırırlar. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş bankdan 23-24 faizlə kredit götürərək iş qurmaq istəyəndə külli miqdarda vəsait xərcləməli olur. Digər tərəfdən, qanunsuz əldə edilmiş vəsaitlər hesabına fəaliyyət göstərənlər məhsullarını maya dəyərindən aşağı qiymətə satırlar. Çünki onların pulu havayıdır. Nəticədə minlərlə insan, xüsusilə kənd yerlərində yaşayanlar biznes fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum olurlar".
O, həmçinin korrupsiya ilə mübarizədə yalnız rüşvət alan məmurların deyil, rüşvət təklif edən şəxslərin də məsuliyyətinin nəzərə alınmasının vacibliyini qeyd edib:
"Məmura təklif edənlər də var. Məmura heç kim rüşvət təklif etməsə, o, rüşvəti haradan ala bilər? Təklif edən tərəfi də qınamalı, insanlara düzgün yolu göstərməliyik".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































