
- A-
- A
- A+
Banklar maaş kartı uğrunda yarışa başlayır - Bu yenilikdən kim qazanacaq?
Gələn ildən işçilər maaşlarını almaq üçün bankı özləri seçə biləcəklər. İndiyə qədər bu seçim əsasən işəgötürəndən asılı idisə, artıq vəziyyət dəyişir. 2027-ci il, aprelin 1-dən etibarən işçi hansı bankdan maaş alacağına özü qərar verəcək. Bu bir tərəfdən rəqabət baxımından yaxşıdır, banklar durğunluqdan silkələnib çıxar, digər tərəfdən də hər maaş günündə bankomatlar önündə qələbəlik yaranmaz.
Təbii ki, söhbət milyonluq dövriyyəsi olan maaşlardan gedir. Banklar bu dövriyyəni əldə etmək üçün müştəri uğunda mübarizəyə başlayacaqlar. Əlbəttə ki, bunun üçün də güzəştlərə gedəcək. Məsələn, pulsuz kart, komissiyasız nağdlaşdırma, köçürmə və s.
Bəs onda banklar nə qazanacaq? İri bankların “qoç yarışı”na duruş gətirə biləcəklərmi?
Maliyyə məsələləri üzrə mütəxəssis Əlyar Əsədov Bizim.Media-ya belə izah etdi ki, Mərkəzi Bankın açıqlamasına görə, bankın dəyişdirilməsinə görə vətəndaşdan əlavə ödəniş tutulmasa da, kartın saxlanılması, nağdlaşdırma, başqa bankın bankomatından pul çıxarılması və digər əməliyyatlara görə bank öz tariflərinə uyğun komissiya müəyyən edə bilər.
Hələ ki təsdiqlənmiş vahid güzəştlər yoxdur, amma istənilən bank bu qədər maaş kartını qazabmaq uğrunda əlbəttə ki güzəştlər təklif edəcəklər:
“Bu yenilik xüsusilə kiçik və orta kommersiya bankları üçün yaxşı fürsətdir. Əvvəllər iri bankların üstünlük təşkil etdiyi əməkhaqqı bazarına digər banklar da daxil ola biləcəklər. Amma bankların əsas qazancı əlbəttə ki təkcə kartdan tutulan komissiya deyil. Müştərilərin hamısı pulunu qəpiyinə qədər kartdan çıxarmır ki. Biri kartla alış-veriş edir, digəri pulunu hesabda saxlayır.
Yaxud da işçilərin maaşları hesaba köçürüləndə, həmin gün hamı pulu çıxarmır. Bank bu vəsaitlərin bir hissəsindən kreditləşmə və digər bank əməliyyatlarında istifadə edə bilər”.
Mütəxəssis əlavə etdi ki, maaş alan müştərinin gəliri artıq məlumdur və stabildir. Ona müxtəlif həcmli kredit təklif edilə bilər. Əsas gəlir mənbələrindən biri budur.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































