
- A-
- A
- A+
Məhkəmə eksperti olmaq istəyənlərin nəzərinə
Azərbaycanda məhkəmə eksperti olmaq istəyən şəxslərin ali təhsil ixtisasının müvafiq ekspertiza sahəsinə uyğun olması tələb ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, məhkəmə eksperti olmaq istəyən şəxsin xüsusi bilikləri müvafiq məhkəmə eksperti ixtisası üzrə olmalıdır. Həmçinin hər bir ekspertiza ixtisası üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.
Qüvvədə olan qanunvericilikdə məhkəmə ekspertləri üçün ali təhsil və xüsusi biliklərə malik olmaq tələbi müəyyən edilsə də, ali təhsil ixtisasının seçilən ekspertiza sahəsinə uyğunluğu məsələsi ayrıca tənzimlənmir. Qanunda terminoloji dəqiqləşdirmə də aparılır. Belə ki, “məhkəmə ekspertizası ixtisası” ifadəsinin “məhkəmə eksperti ixtisası” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Təklif olunan dəyişikliklərin məhkəmə ekspertlərinin fəaliyyət sahəsinə uyğun təhsilə malik olmasını təmin etmək, şəhadətnamələrin verilməsində vahid meyarlar tətbiq etmək və ekspert rəylərinin keyfiyyətini artırmaq məqsədi daşıdığı bildirilir.
Qeyd edək ki, bu məsələ Prezidentin 11 dekabr 2025-ci il tarixli 844 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya”da da nəzərdə tutulub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































