
- A-
- A
- A+
Ramin Məmmədov: "Qadınların dini təhsil imkanları genişləndiriləcək"
Azərbaycanda qadınların cəmiyyət həyatında fəal iştirakı, təhsil və maarifçilik təşəbbüsləri, dini-mənəvi irsin qorunması tarixi ənənələrə əsaslanır. Bu gün də qadınların ictimai-siyasi həyatda, dövlət idarəçiliyində və dini maarifləndirmə prosesində rolunun artırılması diqqət mərkəzindədir.
Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, Azərbaycanın qadın hüquqları və maarifçilik sahəsində mühüm tarixi təcrübəsi var. 1901-ci ildə Bakıda müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəbin açılması, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququnun verilməsi bu ənənənin mühüm göstəriciləridir.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu qadın siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Qadın hüquqlarının təmin edilməsi, onların ictimai-siyasi həyatda və dövlət idarəçiliyində təmsilçiliyinin genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Ramin Məmmədov Azərbaycan qadınlarının tarixən dini-mənəvi irsin qorunmasında da mühüm rol oynadığını vurğulayıb. O, Gövhər ağanın Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidlərinin, Nabat xanım Aşurbəyovanın isə Təzəpir məscidinin tikintisini maliyyələşdirməsini bu ənənənin nümunələri kimi göstərib.
Komitə sədri qeyd edib ki, bu gün həmin xeyriyyəçilik və himayədarlıq ənənəsi Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ilə davam etdirilir.
Fondun təhsil, səhiyyə, mədəniyyət, humanitar əməkdaşlıq və dini-mədəni irsin qorunması sahələrində layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tarixi-dini abidələrin bərpası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.
O bildirib ki, qadınların dini maarifləndirmə prosesində iştirakı xüsusi əhəmiyyət daşıyır. Dini biliklərin düzgün mənimsənilməsi, dini mətnlərin elmi və tarixi kontekstdə izahı, xurafatla sağlam dini düşüncənin fərqləndirilməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Xüsusilə ailədə uşaqların dünyagörüşünün formalaşmasında qadınların rolu nəzərə alınmalıdır.
Komitə sədri qadınların dini təhsil imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə təhsil alır, onlardan 98-i qızdır. Daha 4 qız tələbə magistratura səviyyəsində oxuyur.
İndiyədək institutun bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 qadın məzunu olub. Ümumilikdə, institutdan 145 qadın məzun olub. Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız təhsil alır, indiyədək 4 qız məzun olub.
Ramin Məmmədov əlavə edib ki, 2025-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün “Seyid Yəhya Bakuvi”, “Məhəmməd İrəvani” və “Həmzə Nigari” adına təqaüd proqramları təsis edilib. Həmçinin tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıqla bağlı maarifləndirmə təşəbbüslərini dəstəkləmək məqsədilə “Xurşidbanu Natəvan” təqaüdü yaradılıb.
Komitə sədri vurğulayıb ki, qadınların maariflənməsi, ictimai təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının reallaşdırılması yalnız onların cəmiyyətdəki mövqeyinin güclənməsinə deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət edir.
Qadınların rolu ailə çərçivəsi ilə məhdudlaşmır, onlar milli yaddaşın, mənəvi ənənələrin və sağlam ictimai düşüncənin formalaşmasında da iştirak edirlər.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































