“Sülhməramlıları çıxarmaq cəhdi Gürcüstana baha başa gəldi” – Qarabağdakı aysberqin görünməyən TƏRƏFİ

“Sülhməramlıları çıxarmaq cəhdi Gürcüstana baha başa gəldi” – Qarabağdakı aysberqin görünməyən TƏRƏFİ

Hazırda oxunan: “Sülhməramlıları çıxarmaq cəhdi Gürcüstana baha başa gəldi” – Qarabağdakı aysberqin görünməyən TƏRƏFİ

18098

“Şuşada Rusiyaya məxsus “İsgəndər M” raketlərinin aşkar edilməsi Azərbaycan ictimaiyyətində birmənalı olmayan suallar doğurub. Belə ki, Rusiyanın rəsmən Ermənistana satdığı raketlər “E” kateqoriyalıdır və onların da hədəfləri vurmaq imkanları 280 km-dən çox deyil, “M” raketləri isə 500 km-dən artıq məsafədə olan hədəfləri vurmaq imkanlarına malikdirlər və rəsmən Ermənistan ordusunun arsenalında bu tip raketlər olmamalıdır. Belə olan təqdirdə sual yaranır ki, bu raketlərlə Şusanı kim hədəfə alıb, Ermənistan, yoxsa Rusiya?”
 

MÖVZU İLƏ BAĞLI:

''Sülhməramlıların getməsindən sonra Qarabağda vəziyyət necə inkişaf edəcək?'' - Prezidentdən CAVAB


Bu sözləri Bizim.Media ilə dialoq zamanı bildirən siyasi ekspert Elşən Manafov əlavə edib ki, hələlik bu suala tərəflər rəsmən aydınlıq gətirməyiblər:

“Əgər bu raketlər Ermənistan silahlı qüvvələri tərəfindən atılıbsa, bu, Rusiyanın tərəfkeşliyi ilə bağlı suallar doğurur. Ermənistanın Azərbaycanla münaqişə vəziyyətində olduğunu bilə-bilə Rusiyanın Ermənistanı bu sayaq silahlarla təchiz etməsi həm də bizi təhdid etmək anlamında qəbul olunmalıdır. Yox əgər, raketlər Rusiyanın Gümrüdəki hərbi bazasından və ya digər mövqelərdən atılıbsa, bu suveren bir dövlətə qarşı hərbi təcavüz aktından başqa bir şey deyil. 

Məhz bu suallara aydınlığın gətirilməməsi Rusiyanın gerçək sülhməramlı olub, olmaması ilə bağlı şübhələr doğurub.

Digər tərəfdən Rusiya sülhməramlılarının onların statusu ilə bir araya sığmayan hərəkətlərə də yol verməsi haqlı olaraq narazılıq yaradır. Dağlıq Qarabağdakı separatçı rejim təmsilçiləri ilə təmasları, burada ermənilərin təhlükəsizliyini təmin etmək adı ilə onlar üçün təhsil, səhiyyə müəssisələrinin tikilməsi, sosial layihələrə məliyyə dəstəkləri qəbul edilən deyil. Çünki bura Azərbaycan ərazisidir və qanunvericiliklə bu işlər Azərbaycan hakimiyyətinin səlahiyyətlərinə aiddir.

Digər tərəfdən, Azərbaycan hökuməti ilə razılaşdırmadan Ermənistan rəsmilərinin Dağlıq Qarabağa gəlib getmələri, bütün bunların Rusiya sülhməramlılarının iştirak və razılığı ilə baş verməsi də beynəlxalq hüquqa zidd hərəkətlərdir.

Azərbaycanın Ermənistanla həmsərhəd olan digər rayonlarındakı nisbi sabitliyə gəlincə, Ermənistan gözəl başa düşür ki, atəşkəsin pozulması onların təcavüzkarlığı ilə bağlı niyyətlərini bütün çılpaqlığı ilə ortaya qoyacaq. İkincisi, əgər Ermənistanda daxili auditoriyanın diqqətini ölkənin mövcud problemlərinin həllindən yayındırıb bu kimi məsələlərə yönəltmək zərurəti yaranarsa, buna gedə bilərlər. Hərçənd, Dəmir Yumruq siyasətinin doğurmuş olduğu yeni hərbi, sosial, geosiyasi reallıqlardan sonra ermənilərin buna gedəcəyi inandırıcı deyil. 

Rusiya sülhməramlılarının ərazilərimizdə qalma muddəti 5 il müəyyənləşdirilib və noyabr razılaşmasında qeyd olunur ki, bu müddətin bitməsinə 6 ay qalmış münaqişə tərəflərindən birinin müraciəti olacağı halda, sülhməramlıların münaqişə bölgəsində qalıb qalmayacağı ilə bağlı məsələyə baxıla bilər.

Gürcüstanın 2008-ci ildə Rusiya sülhməramlılarını münaqişə bölgəsindən çıxarmaq cəhdlərinin Tbilisiyə baha başa gəldiyini unutmaq olmaz.

Ancaq bizim Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq ampluasındadır. Ümid edirik ki, Rusiya tərəfi də bunun mahiyyətinə varır, digər tərəfdən bölgədəki vəziyyətə Rusiya ilə yanaşı qardaş Turkiyə də nəzarəti həyata keçirir. Bu amil də təhlükəsizliklə bağlı bizim xeyrimizədir. 

Üçüncüsü, Rusiya Qərbin "xeyirxahlığı" ilə MDB məkanında digər bölgələrdə, məsələn Ukrayna və ya Moldova ətrafında münaqişələrə cəlb edilə bilər və buna görə də, Kreml bizim regionda öz milli təhlukəsizlik maraqlarına cavab verməyən şəraitin yaranmasında maraqlı olmamalıdır. 

Üstəgəl, Moskvaya qarşı iqtisadi sanksiyaların gücləndiyi şəraitdə, Kreml yəqin ki, Azərbaycan Prezidentinin rəsmi açıqlamasında siyasətdə əbədi dostların deyil, əbədi maraqların olması ilə bağlı eyhamın mahiyyətinə varmağı bacaracaq”,- deyə Elşən Manafov fikrini tamamlayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ADA universitetindəki beynəlxalq konfransda sülhməramlılar gedəndən sonra Qarabağdakı vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı suala belə cavab verib:

“Ermənistanla Azərbaycanın Tovuz, Qazax, Ağstafadan keçən dövlət sərhədində sülhməramlı yoxdur və heç bir şey baş vermir. Üstəlik, Azərbaycan sərhədçiləri hazırda Zəngilanda erməni kəndlərindən 5 metr aralıda durublar. Heç bir şey baş vermir. Ermənistan ordusu məhv edilib, o mövcud deyil.”

Anar Rəhimov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO